Almaniyada pianoçu soydaşımızın möhtəşəm sənət marafonu
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının yetirməsi, tanınmış fortepiano ifaçısı Fidan Ağayeva-Edler on ildən çoxdur ki, Almaniyada yaşayır və çalışır. Yaşadığı Berlində, eləcə də Almaniyanın digər şəhərlərində davamlı olaraq solo konsert proqramları ilə çıxış edir, ildə azı 50 konserti olur. Repertuarına klassik və müasir bəstəkarların əsərləri daxildir.
Əsasən qadın bəstəkarların əsərlərinə üstünlük verən Fidan Ağayeva-Edler Azərbaycan musiqisevərlərinə həm də dörd il əvvəl etdiyi vətənpərvərlik jesti ilə tanışdır. 2020-ci ilin payızında, xalqımız Vətən müharibəsinin zəfərli günlərini yaşadığı vaxtda Fidan xanım ABŞ-də yaşayan digər pianoçu soydaşımız Humay Qasımzadə ilə birlikdə 7 Azərbaycan xalq mahnısı mövzusunda improvizələrin daxil olduğu “The Black Garden” (“Qara bağ”) albomunu “Bandcamr” platformasına çıxarmışdı. O zaman pianoçu xanımlar bu layihə barədə belə açıqlama vermişdilər: “Biz bu albomu bütün müharibə qurbanlarına həsr etmişik. Hər ikimizin kökü Şuşadandır; biz də öz bacarığımızla, yəni musiqimizlə xalqımıza kömək etmək istəyirik. Albomun satışından əldə olunacaq bütün vəsait savaşdan əziyyət çəkən ailələrə ianə ediləcək”.
Bu günlərdə isə Fidan xanım musiqiçidən həm böyük istedad, güclü yaddaş, üstəlik, yenilməz fiziki qüvvə tələb edən bir layihəni gerçəkləşdirməyə hazırlaşır. O, Berlindəki Müqəddəs Elizabet kilsəsində tam bir sutka davam edəcək solo konsertə hazırlaşır. Bəli, konsert 24 saat davam edəcək. “Qadın bəstəkarlar – 24 saatlıq fortepiano marafonu” adlı konsertdə əsasən XXI əsrdə yaşayan, həmçinin ötən əsrlərdə yaşayıb, lakin yaradıcılığı unudulmuş 100 qadın bəstəkarın əsərini ifa edəcək. Konsert avqustun 31-i səhər saat 10-da başlayıb, sentyabrın 1-də səhər saat 10-da başa çatacaq. İfaçı proqramı elə nizamlayıb ki, yeni günə doğru aparan hər saatda yeni bir əsər səslənəcək.
Fidan Ağayeva-Edler Berlində dərc olunan “Field-notes.berlin” dərgisinə bu möhtəşəm layihə barədə müsahibəsində yalnız qadın bəstəkarların əsərlərinə müraciət etməyinin səbəbini belə izah edib:
– Mənim üçün fortepiano marafonunun ikili rəmzi mənası var. Bir tərəfdən, fortepiano əvvəlkitək əksər bəstəkarlardan ötrü sonuncu vasitədir. Bütün orkestri əvəz etməyi bacaran bu alət, sadəcə, musiqi alətidir. Tarixən qadın bəstəkarların simfonik orkestrlə çalışmaq imkanı olmadığı üçün onların az bir qismi iri simfonik əsər yazıb. Bu isə o deməkdir ki, bu gün də böyük orkestrlər qadın bəstəkarların əsərlərini nadir hallarda ifa edirlər. Digər tərəfdən, marafon əsrlər boyu qadın bəstəkarların nümayiş etdirdikləri dözümə işarədir. Onlar bütün çətinlik və məyusluqlara rəğmən yaradıcılığa davam ediblər və edirlər. Klassik musiqidə yenə də qadın bəstəkarların sayı azdır, hərçənd onların əsərlərinin keyfiyyətinə heç bir şübhə yoxdur. Hətta müasir musiqidə də kişilər öndədir. Biz də qadın bəstəkarların bu süni geriliyinin qarşısını almaq istəyirik.
– Marafon üçün əsərləri necə seçmisiniz?
– Fortepiano marafonu üçün mən 24 yeni əsər seçmişəm. Bəzi bəstəkarlar mən fortepiano üçün solo kompozisiyaları üçün açıq müsabiqə elan edəndə birbaşa mənimlə əlaqə saxladılar, öz əsərlərini təklif etdilər. Bəzi partituraları çoxdan əldə etmişdim, sadəcə, onların ifa məqamı hələ yetişməmişdi. Hansısa əsəri ilk dəfə ifa etməyi özümə şərəf bilirəm. Marafon mövzulara bölünüb. Konkret mövzulara həsr olunmuş 20-dən çox səhnə qurulacaq. Biz üslub, forma və mövzu rəngarəngliyini, ideya və fikirlərin bütün çoxşaxəliliyini göstərmək istəmişik. Premyeralar müqavimət, mənşə və dekolonizasiya kimi siyasi mövzular; dil və qadının cəmiyyətdəki rolu kimi mədəniyyət məsələləri; meditativ pyeslər; rəqs pyesləri; miniatürlər; karantin dövrü əsərləri və minimalistik çalışmalar və s. bu sayaq mövzuları əhatə edir.
Onu da qeyd edək ki, Fidan Ağayeva-Edler “Qadın bəstəkarlar – 24 saatlıq fortepiano marafonu”nda tək olmayacaq. Rejissor Tereza Rayber və aktrisa Marayke Xeyn ilə əməkdaşlıq bu layihəni daha maraqlı tədbirə çevirəcək.
Bu barədə fikirlərini o, belə ifadə edir: “Uzunmüddətli performans nümayiş etdirmək mənim arzum idi. Biz fikirləşdik ki, “HerStory” (“Onun, yəni qadının əhvalatı”) danışaq və qadın bəstəkarların müxtəlif araşdırmalarını proqrama daxil edək. Sənətdə sözünü demiş qadınların fikirlərini, əsərlərindən parçaları Marayke fortepiano ifalarının arasında söyləyəcək. Bu həm də tamaşaçılar üçün maraqlı pauza olacaq: onların meditasiya, yuxu, yorğunluq, gecə barədə düşüncələrə dalmaq imkanı olacaq. Tamaşaçılar kilsənin ərazisində gecələyə, hətta bir az mürgüləyib təzədən konsert dinləməyə davam edə bilərlər”.
Konsertdə müxtəlif ölkələri təmsil edən qadın bəstəkarlarla yanaşı, Almaniyada yaşayan soydaşımız Xədicə Zeynalovanın, eləcə də gənc bəstəkar, bir müddət əvvəl şəhid Rəşad Babayevin xatirəsinə həsr etdiyi əsəri ilə Polşada keçirilmiş “World’s Best Musicians” yarışmasında qalib gəlmiş Nigar Süleymanın da bəstələri ifa olunacaq.
Çox maraqlı, çətin və sözün hər mənasında, mürəkkəb ifaçılıq marafonunu dəf etməli olacaq soydaşımıza bu layihəni layiqincə başa vurmağı arzulayırıq.
Gülcahan Mirməmməd