Ernest Heminqueyin “Klimancaro qarları” hekayəsi ən çox sevdiyim əsərlərdəndir. Yaradıcılıqla məşğul olan Harrinin ölüm anında xəyalən getdiyi yer – qarların olduğu uca dağ zirvəsi elə sadə, elə içdən, elə gerçək təsvir olunur ki, o an anlayırsan: sən də heç olmasa, ömründə bir dəfə, özü də Harridən fərqli olaraq reallıqda o zirvəyə qalxmaq istəyirsən. Həm də sapsağlam ikən...

Laçına budəfəki səfərimiz iki gün çəkdi. Yəni o ənginlikləri görmək, qıy vuran qartallarını uzaqdan da olsa, seyr etmək, dağ suları kimi saf adamları ilə həsb-hal üçün zamanım qaldı. Məhz bu səfərdə anladım ki, niyə tanıyıb-tanımadığım bütün laçınlılar gündə azı yüz dəfə xəyalən Laçın dağlarına qalxıb, ruhən saf bulaq sularında durulub, çılğın şəlalələrdə coşurmuşlar.

İlahi Laçına elə bir əzəmət, məğrurluq, gözəllik bəxş edib ki, təsvirə gətirmək çətinləşir. Fikrin hamar yer “tapmır” deyə, gah dağa çıxır, gah arana enir. Sonda Həkərinin gur axınına “batıb” yolları su atında qət edir.

Üstəlik, küçə və meydanlardakı təntənə, bəxtiyar insanlar, üzü günəşə boylanan ağaclar, azadlıq şərqisi oxuya-oxuya Laçını qolları arasına almış Həkəri çayı, yuxarıdan sevgiylə bu təntənəni izləyən Qırxqız dağı, onlardan da yuxarıda qıy vuran qartallar…

Laçına budəfəki gediş səbəbimiz də əlamətdar idi. Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı, “Bakı Abadlıq Xidməti” MMC-nin dəstəyi ilə 26 avqust – Laçın Şəhəri Günü ikinci dəfə təntənə ilə qeyd olunurdu.

Tədbirə laçınlılarla yanaşı, Bakıdan xeyli sayda mədəniyyət, ədəbiyyat xadimi, rəsmi şəxslərdən ibarət nümayəndə heyəti getmişdi.

Şəhər günü Laçının dörd məkanında – Bayraq meydanı, “Lacinema” kinoteatrı, seyrəngah və Həkəri çayının sahilində gerçəkləşdi.

İynə atsan yerə düşməzdi misalı lap yerinə düşürdü. Oralı olan da, olmayan da, şəhərdə daimi qalan da, qalmayan da avqust istisinin qarsan hərarətindən qaçıb dağların kölgəsinə, Laçının qucağına girmişdilər. İnanılmazdır, amma Laçının yollarında Bakıda adət edib, zinhara gəldiyimiz tıxac belə vardı.

Zəngin proqramlı bayram çərçivəsində müxtəlif maraqlı, yaddaqalan və bölgəyə xarakterik tədbirlər reallaşdı. Onların bir qismi də uşaqlar, Laçının kiçikyaşlı sakinləri üçün tərtib edilmişdi.

***

Seyrəngah adlanan ərazidə qurulan səhnədə laçınlı və Laçına qonaq gələn uşaqlar üçün ilk olaraq “Oyuq” Uşaq teatrının təqdimatında konsert proqramı, səhnəciklər təqdim olundu. Balacalar bir-birini alqışlayıb, bayram sevinci yaşadılar.

“Oyuq”çuların milli kino nümunələrindən uşaq mahnıları əsasında hazırladığı tamaşa-kompozisiya, eləcə də vətənpərvərlik mövzulu konsert başqa bir coşqu yaratdı.

Uşaq teatrının rəhbəri Səidə Haqverdiyeva yetirmələrinin Laçına ikinci dəfə baş tutan bu səfərinin onlar üçün unudulmaz olduğunu dedi və balacaları həmyaşıdları ilə görüşdürən tədbirin təşkilatçılarına təşəkkür etdi. Bildirdi ki, işğaldan azad olunmuş torpaqlarda çıxış etmək, buradakı yeni həyatda, xoşbəxt insanların əhatəsində, məsum uşaq baxışlarının altında çıxış etmək dünyanın ən möhtəşəm hissidir: “Bu günədək istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda bir sıra tədbirlərdə iştirak etmişik. Amma uzun illər həsrətini çəkdiyimiz yurd yerlərinə gəlmək, yenidən özünün xoş çağlarına qayıdan el-obalarımızdakı insanlar qarşısında çıxış etmək izahsız bir səadət bəxş edir bizlərə”.

“Oyuq”çular Zəhra Cəfərzadə, Nur Vahbi, Dəniz Mirzəli, Melisa Oskoui, Laləzar İbrahimli, Məryəm Abbaslı, Nəzrin Süleymanlı, Fidan Nəcəfli, Asia Vahbi,  Nur Abdullayeva, Aydan Nəzərli, Adil Əlizadə, Firuz İbrahimli saatlarla sürən uzun yolun yorğunluğunu zəif çiyinlərindən ataraq həmyaşıdları və onlarla birgə uşaqlığına qayıdan laçınlı tamaşaçılar qarşısında şən, şux nəğmələrini oxudular.

***

Uşaqların şaqraq çıxışlarının ardınca teatrsevərlər qarşısına Şuşa Dövlət Musiqili Dram Teatrının bir qrup aktyoru çıxdı. Teatrın baş rejissoru Əməkdar artist Loğman Kərimovun quruluş verdiyi tamaşalardan biri – “Qırmızıpapaq” göstərildi. Açıq havada tamaşa nümayişində rejissor da səhnədəkilər qədər həyəcanlı idi. Var-gəl edir, arabir aktyorlarına him-cimlə göstərişlər verirdi. İnsafən, teatrın istedadlı aktyorları Sürahi Əliməmmədova, Püstəxanım Zeynalova, Aybəniz Cahangirova, Nihat Heybətov, Orxan Abışov, Cavid Cavadzadə tamaşanı mükəmməl oynadılar.

Laçına bundan əvvəl də bir neçə dəfə gəlib, müxtəlif tədbirlərə qatılan Şuşa teatrı təmsilçilərinin bu dəfə lap uşağa qoşulub uşaq olmuşdular. Aktyorlar da, rejissor da uşaqların əyləncəsi, səhnə nümunəsindən zövqü üçün əllərindən gələni etdilər.

Burada kiçik haşiyə çıxıb onu da deyim ki, Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorları həmin gün Həkəri sahilində “Sarı Aşığın hekayəti” adlı teatral kompozisiya da təqdim etdilər. Həmçinin “Füzuli-530” ədəbi məclisində çıxış etdilər. Hər iki  kompozisiyanın ssenari müəllifi İlqar Fəhmi, rejissoru Loğman Kərimovdur.

***

Uşaqlar üçün proqramlara qayıdaq. Balacalara mütaliə marağı aşılayan başqa bir tədbir nazla axan Həkəri sahilində oldu. Bu dəfə yamyaşıl otlar üstündə bardaş quran uşaqlar sevimli yazıçılarının, uşaq ədəbiyyatı ilə məşğul olan böyüklərin şirin söhbətlərinə qulaq asırdılar. Sonra da kitab hədiyyələrini alıb getdilər.

Daim fərqli və maraqlı layihələri ilə seçilən F.Köçərli adına Respublika Uşaq Kitabxanası da Laçına “Şəhər günü” tədbirlərinə əliboş gəlməmişdi. Kitabxananın pavilyonunda uşaq yazarları Sevinc Nuruqızı, Solmaz Amanova ilə oxu və nağıl saatı, interaktiv oyunlar, şeir və rəsm müsabiqələri, nağıl bilicisi yarışması təşkil edildi. Yazarlar öz kitablarını xoş sözlər yazaraq müsabiqələrin fəal iştirakçılarına verdilər. Ümumilikdə kitabxana tərəfindən tədbirdə iştirak edən və hazirda Laçın şəhərində yaşayan uşaqlara 300-ə yaxın kitab hədiyyə edildi.

Pavilyonda açılan sərgidə son illərdə işıq üzü görən bir-birindən maraqlı kitablar nümayiş etdirildi. Uşaqlara nağıl qəhrəmanlarının kostyumlarında gəzmək və əylənmək  fürsəti də verildi.

***

Kitab hədiyyələrini alıb yaşıl otlar üstündə qaçışan uşaqlara sevinclə tamaşa edən Sevinc Nuruqızından təəssüratını soruşdum.

Deyir yolboyu uzun illərin ağrısı, nisgili, həyəcanı, həmçinin fəxr və qürur hissi ilə işğaldan azad edilmiş torpaqları seyr edə-edə gəlmişdim bu görüşə: “Uşaqlarla görüşdən məmnunluqla ayrıldım. Onlarla birlikdə nağıl danışdıq, şeir söylədik, hekayə yazdıq. Laçınlı uşaqların arzu və istəklərini dinlədim. Çox böyük əmək qoyulmuş bu bayramın sevincini doya-doya yaşadıq. Kitablarımı səmimi avtoqraflarla uşaqlara bağışladım. Əvəzində onlardan bol səmimiyyət və sevgi aldım. Uzun müddət yeni-yeni əsərlər yaratmaq üçün bəs edəcək qədər sevgi…”.

Fərqli, maraqlı və həzin notlu görüş yazıçı Solmaz Amanovada da zəngin təəssürat yaradıb.

Deyir illərdir uşaqlarla məhz belə bir görüşü gözləyir, həsrətini çəkirdik. Onları dinləyib, onların bizə maraq və sevgi ilə diqqət kəsildiyini görəndə özümdən asılı olmayaraq daha da həyəcanlandım, kövrəldim: “Uşaqlara nağıllarım, hekayələrim barədə danışdıqca həm də onu dönə-dönə vurğulayırdım ki, əziz balalar, sizlər bilsəniz, bizlər bu yerlərin neçə illər həsrəti ilə alışıb-yanmışıq. Ali Baş Komandanımızın rəhbərliyi ilə qəhrəman oğullarımız bu torpaqları yağı düşməndən azad etmək üçün necə böyük şücaət göstərib. Bu əngin və açıq səma, bu ucsuz çöllər, bu saf sular üçün nə qədər igidimiz həyatını qurban verib. Sizlər də böyüyüb sevgi ilə qoruyun bu torpaqları. Oxuyun, savadlı, ağıllı, güclü olun. Bilmirəm, siz diqqət etdiniz, ya yox, amma qarşımda oturan o balacaların gözlərindəki qətiyyət, sevinc, iradə və sözsüz ki, qürur məni heyran etdi. İnamımı, qürurumu Laçın dağlarına qədər ucalda bildi. Sevinirəm ki, xoşbəxt, sülh və əmin-amanlıq içində bir nəsil böyüyür. Bu günləri bizə yaşadıb, bir zamanlar yuxu kimi görünən gerçəkliyin müəlliflərinə ehtiram və sevgimiz əbədidir”.

Həmidə Nizamiqızı

P.S. Laçına budəfəki səfərimizin təəssüratı bir yazıya sığan deyil. Növbəti yazımız da olacaq.