Salyan rayonundakı Vağam mağarası, yaxud el arasında “Həzrət Baba” kimi tanınan ziyarətgah Qaraçala qəsəbəsi ərazisində yerləşir. Bu ərazidə bir neçə belə mağara olsa da, Vağam onlardan fərqlənir. Yaxın Şərqdə də məşhur olmuş azərbaycanlı alim, filosof, səyyah, şair və tədqiqatçı Baba Kuhi (933–1051) də vaxtilə burada yaşayıb.
Baba Kuhi müqəddəs hesab edilən hədisləri toplamaq üçün bir sıra ölkələri gəzib. Qardaşı, Şirvanşah Məniçöhrün vəziri Pir Hüseyn ilə mübahisədən sonra əvvəlcə indiki Pirsaat düzünə, sonra isə Vağama gələrək bir neçə il burada yaşayıb.
Tarixçi-tədqiqatçı Sahib Həsənov qeyd edib ki, Baba Kuhi Bakıda anadan olub. Sufi təriqətli övliya kimi tanınıb.
Vağam mağarası Salyandan təxminən 40 kilometr aralıda, Kürovdağda yerləşir. Üzərini iri daşlar və qaya parçaları örtmüş mağaraya daxil olmaq, onun içərisində hərəkət etmək o qədər də asan deyil. Hündürlüyü 1 metrdən bir qədər çox olan mağaranın dayanıqlığını artırmaq üçün sonradan içərisində iki sütun düzəldilib.
Mağaranın ətrafındakı qədim qəbiristanlıq da diqqət çəkir. Sandıq qəbirlər ərazinin qədimliyindən xəbər verir.