Göyçay şəhərindəki “Yeraltı hamam” bölgənin nadir memarlıq abidələrindən hesab olunur. Uzun illər insanların istifadəsində olub.

Rayon sakini Əlirasim Əhmədli deyib ki, bu hamamın əsas hissəsi torpaq səthindən 2 metr dərinlikdə yerləşir. Ona görə də tikili “Yeraltı hamam” adlanır. Kvadrat şəklində olan binanın oval formada 3 böyük salonu var.

Göyçaylı imkanlı şəxs Həzrət bəy Ağabəyzadə tərəfindən tikdirilən hamamın özünün ocaqxanası, su anbarı, bişmiş kərpicdən hazırlanmış havalanma sistemi var.

Göyçay sakini Əlirza Cəfərov bildirib ki, hamam 1930–40-cı illərdə həbsxanaya çevrilib. II Dünya müharibəsi zamanı pendir sexi kimi fəaliyyət göstərib. 1958-ci ildən 1992-ci ilə kimi yenidən hamam kimi istifadə olunub. O vaxtdan baxımsız və istifadəsiz qalıb, təmir-bərpaya ehtiyac var.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Qəbələ Regional İdarəsinin rəisi Fariz Xəlilli deyib ki, ərazidə tədqiqat və layihə-planlaşdırma aparılandan sonra tikilidə bərpa işləri həyata keçiriləcək. Bərpadan sonra tarixi tikili əvvəlki təyinatı üzrə (hamam) fəaliyyət göstərəcək.