Oktyabrın 24-də Heydər Əliyev Sarayında unudulmaz xanəndə Səxavət Məmmədovun (1953–1991) xatirəsinə həsr olunmuş muğam konserti keçiriləcək.

Xatirə gecəsində Qarabağ muğam məktəbinin ən parlaq nümayəndələri səhnədən Səxavət Məmmədovla virtual duetlərini təqdim edəcəklər. Tamaşaçılar həmçinin  mərhum sənətkarın ifa etdiyi mahnıları muğam ifaçılarının təqdimatında dinləyəcəklər.

Konsertdə Xalq artistləri Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Gülyanaq Məmmədova, Nəzakət Teymurova, Əməkdar artistlər Almaz Orucova, Sevinc Sarıyeva, Firuz Səxavət (Məmmədov), Cabir Abdullayev, Zakir Əliyev və tanınmış ifaçılar Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Mirələm Mirələmov, Malik Həsənov, Şahmar Hacıyev, Əliyar Məmmədov və Anar Məmmədov səhnəyə çıxacaqlar.

Musiqi sənətimizdə iz qoymuş Səxavət Əmirxan oğlu Məmmədov 23 oktyabr 1953-cü ildə Ağdam rayonunun Abdal-Gülablı kəndində dünyaya göz açıb. Asəf Zeynallı adına Musiqi Texnikumunda oxuyub. Ustad xanəndə, Xalq artisti Hacıbaba Hüseynovdan muğamın sirlərini öyrənib. “Hümayun” xalq ansamblının solisti olub. Sonra Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki ADMİU) təhsil alıb. Yaratdığı “Qarabağ” instrumental ansamblının kollektivi ilə getdiyi ölkələrdə muğamımızın təbliğinə töhfələr verib. 30 sentyabr 1991-ci ildə avtomobil qəzasında vəfat edib.

Lalə