Dövlət təltifləri təqdim edilib
Avqustun 28-də Mədəniyyət Nazirliyində görkəmli opera müğənnisi, Rusiyanın, Azərbaycanın və keçmiş SSRİ-nin Xalq artisti Tamara Sinyavskaya ilə görüş keçirilib.
Mədəniyyət naziri Adil Kərimli sənətkarın yaradıcılıq yolundan danışıb, onun opera tamaşalarında yüksək sənətkarlıq nümayiş etdirdiyini bildirib.
Diqqətə çatdırılıb ki, əfsanəvi müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin (1942–2008) ömür-gün yoldaşı olan T.Sinyavskaya Azərbaycan mədəniyyətinin təbliğinə də töhfələr verib. Müğənninin bu sahədəki fəaliyyəti dövlətimiz tərəfindən daim yüksək dəyərləndirilib. O, ötən il Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.
Sonra dövlət təltifləri sənətkara təqdim olunub.
Tamara Sinyavskaya fəaliyyətinin daim diqqətdə saxlanılması və yüksək qiymətləndirilməsinə görə dövlətimizin başçısına dərin təşəkkürünü ifadə edib.
Sənətkarla xatirə şəkilləri çəkdirilib.