Avqustun 29-da Özbəkistanın Əfqanıstanla sərhəddəki Termez şəhərində “Termez” Beynəlxalq Ticarət Mərkəzinin açılış mərasimi olub. Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti açılış mərasimində iştirak edib.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən bildirilib ki, tədbir çərçivəsində Ş.Mustafayev Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripovla görüşüb. Yeni açılan “Termez” Beynəlxalq Ticarət Mərkəzinin ticarət əlaqələrinin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Səfər zamanı Şahin Mustafayev Əfqanıstanın Baş naziri (Taliban hökumətinin başçısı) vəzifəsini icra edən Əbdül Qani Baradarla görüşüb. Görüşdə Azərbaycan ilə Əfqanıstanı tarixi və mədəni bağların birləşdirdiyi qeyd edilib.

Diqqətə çatdırılıb ki, Azərbaycan hər zaman Əfqanıstanda sabitliyin və inkişafın təşviqinə, humanitar məsələlərin həllinə töhfə verib.

Tərəflər həmçinin nəqliyyat-tranzit sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirərək, “Lapis-Lazuli” beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsinin önəmini qeyd ediblər. “Termez” Beynəlxalq Ticarət Mərkəzinin açılmasının Əfqanıstanla da ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə töhfə verəcəyinə ümid ifadə edilib.