Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin “Böyük qastrollar” proqramına dəvət alıb.
Teatr sentyabrın 3-dən 8-dək Novokuznetsk və Kemerovo şəhərlərində səfərdə olacaq. Yaradıcı heyət Novokuznetsk Dram Teatrının və A.V. Lunaçarski adına Kuzbass Dram Teatrının səhnələrində Xalq artisti Aleksandr Şarovskinin quruluşunda “Müsyö Jordan və dərviş Məstəli şah” (M.F.Axundzadə) və “Albalı bağı” (A.P.Çexov) tamaşalarını nümayiş etdirəcək.
Bu il 104 yaşı tamam olan Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı Novokuznetskdə, həmçinin “Okna – 2024” Beynəlxalq Sənaye İncəsənəti Festivalına qonaq qismində qatılacaq. Bakılı sənətçilər festivalın açılışında “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasını göstərəcəklər.
Rusiya Mədəniyyət Nazirliyinin Ümumrusiya qastrol və konsert planı ölkədə vahid qastrol sistemini yenidən yaratmaq üçün nəzərdə tutulub. Plana iki irimiqyaslı federal proqram daxildir: 2014-cü ildə başlayan “Böyük qastrollar” (teatr qastrolları) və 2020-ci ildə Rusiya Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə açılmış “Biz Rusiyayıq” (milli kollektivlərin qastrolları).
Planın tərkib hissəsi olan “Böyük qastrollar” proqramı üzrə həmçinin Rusiya teatrları qonşu ölkələrə səfərə çıxır, eləcə də müxtəlif ölkələrdən teatr kollektivləri Rusiyaya dəvət olunur.