Azərbaycanın şimal-şərqində yerləşən Şəki mahalı XVI əsrin ortalarında Səfəvilər imperiyasının tərkibinə qatıldıqdan sonra şahın təyin etdiyi məliklər tərəfindən idarə olunurdu. Bu ənənə Nadir şah Əfşarın zamanında da qalmaqda idi. XVIII əsrin 40-cı illərində Şəki Məlik Nəcəf tərəfindən idarə edilirdi. Ancaq Şəkinin sünni əhalisinin vəkili təyin edilmiş Hacı Çələbi ilə Məlik Nəcəf arasında ciddi anlaşılmazlıq hökm sürürdü.
Hacı Çələbi ilə anlaşa bilməyən Məlik Nəcəf Nadir şahın düşərgəsinə gəlir və Hacı Çələbidən şikayət edir. Bundan qəzəblənən Nadir şah Hacı Çələbini hüzuruna çağırtdırır. Onun əmri ilə cəllad kəndiri Hacı Çələbinin boğazına keçirərək onu asmaq istəyir. Fəqət təbiətən cəsur bir insan olan Hacı Çələbi xan boynu kəndirdə ola-ola Nadir şahı bu ittihamın doğru olmadığına inandıra bilir. Hacı Çələbinin əyilməzliyi, məğrur duruşu Nadir şahı tərəddüdə salsa da, vəzirin söylədikləri ilə razılaşır və edam əmrini ləğv edir. Üstəlik, ona yeni səlahiyyətlər də verir.
Hacı Çələbinin qorxmazlığı Nadir şaha dərin təsir etmiş, onu qorxuya salmışdı. Kərim ağa Fateh bu barədə belə yazır: “Şah gecə fikir eləyib, öz əmirlərinə buyurur ki, mənim hüzurumda bir kəsin həddi yoxdur ki, nəfəs çəkə. Şəkili Çələbi nə cürət sahibi imiş ki, boğazında kəndir ola-ola cürət eləyib mənə bəzi ərzlər etdi. Heç sözündə yanılmadı. Əlbəttə, bundan bir xəta gələcək. Mənim zənnim xəta olmaz”.
Nadir şahın zənni doğru çıxır. Həmin görüşdən sonra Hacı Çələbi Şəkini müstəqil xanlıq, özünü isə xan elan edir...
Şəki xanı Hacı Çələbinin müstəqil xanlıq yaratmaq uğrunda göstərdiyi qəhrəmanlığın zirvəsi onun Nadir şah Əfşarın qarşısında cəsarətli davranışı hesab olunur. Zamanla Hacı Çələbinin Nadir şahın hüzuruna getməsi tariximizin önəmli bir faktı kimi ədəbiyyat və incəsənətdə öz əksini tapır. Həmin görüş rəssamların diqqətini cəlb edir və “Hacı Çələbi Nadir şahın hüzurunda” mövzusunda rəsm əsərləri işlənir. Həmin əsərlərdən ikisi Şəkidə Rəşid bəy Əfəndiyev adına Tarix-Diyarşünaslıq Muzeyində mühafizə olunur.
1925-ci ildə əsası qoyulmuş, hazırda muzeyin formalaşmasında böyük əməyi olmuş Tarix-Diyarşünaslıq Muzeyinin fondunda Hacı Çələbinin Nadir şahla görüşünü əks etdirən iki fərqli rəsm əsəri mühafizə olunur.
Arxiv materiallarından aydın olur ki, 1975-ci ildə muzey üçün bir sıra rəsmlər və maketlər hazırlanmasına göstəriş verilir. Həmin dövrdə “Çələbi xan Nadir şahın sarayında”, “Gələrsən-görərsən” qalasına Nadirin hücumu”, “N.Nərimanovun Şəki məscidində çıxışı”, “M.F.Axundov M.Ş.Vazehin yanında”, “Qədim Şəki bazarı”, “Qədim Şəki mədrəsəsi”, “Qədim Şəki zorxanası” adlı rəsmlər, M.F.Axundovun Ev-Muzeyinin maketi və s. hazırlanıb muzeyin fonduna daxil edilir.
Yuxarıda adları çəkilən rəsm əsərlərindən ikisi – “Çələbi xan Nadir şahın sarayında” və “Gələrsən-görərsən” qalasına Nadirin hücumu” əsərlərinin müəllifi 9 may 1910-cu il təvəllüdlü Səlman Həsən oğlu Zeynalovdur. Müəllif haqqında geniş məlumat əldə edə bilməsək də, sovet rəssamlarının siyahısında müəllifin adı qeyd olunub.
Səlman Zeynalovun əsəri 1976-cı ildə muzeyin inventar kitabına daxil edilib, qapalı fondda mühafizə olunur. İnventar kitabında rəsm əsərinin dəyəri həmin dövr üçün 1276 manat 89 qəpik göstərilib. 80 x 115 sm ölçüsündə olan əsər kətan üzərində yağlı boya ilə işlənib. Əsərdə Nadir şah taxtda əyləşib, Hacı Çələbi isə onun qarşısında əlində qılınc tutmuş vəziyyətdə təsvir olunub. Şərq saray üslubunu xatırladan rəsmdə şahın yanında iki əyan, arxa hissədə əlində müdafiə rəmzi hesab olunan qalxan tutmuş hərbiçi, Çələbi xanın arxasında isə gözlərini yerə dikmiş bir kişi təsvir edilib. Arxa fonda fəvvarəli hovuz və sülhü tərənnüm edən ağ göyərçinlər, qürur, ucalıq rəmzi hesab olunan sərv ağacları diqqəti çəkir.
Şəki Tarix-Diyarşünaslıq Muzeyinin fonduna 1981-ci ildə eyni mövzuya həsr olunmuş İsmət İsmayılovun “Hacı Çələbi Nadir şahın hüzurunda” adlı əsəri də daxil edilib. 51x72 sm ölçüsündə, kağız üzərində sulu boya ilə işlənmiş monoxrom rəsm işi uzun müddət muzeyin ekspozisiya zalında sərgilənib. Muzeyin inventar kitabında əks olunmuş qeydə görə, əsərin o dövr üçün qiyməti 120 manat imiş.
Əslində, İ.İsmayılovun bu mövzuda iki əsəri mövcuddur. Əsərlərdən biri monoxrom, digəri isə polixrom işlənilib. Müəllifin “Hacı Çələbi Nadir şahın hüzurunda” adlı monoxrom əsəri Tarix-Diyarşünaslıq Muzeyində, polixrom əsəri isə “Minali Butik” hotelində saxlanılır.
İ.İsmayılovun muzeydə saxlanılan əsərində Nadir şah taxtda əyləşmiş vəziyyətdə təsvir olunub. Əsərdə Hacı Çələbi sol əlini qarşıya doğru uzadaraq danışan vəziyyətdə, ayaq üstə əks etdirilib. Bu rəsm insan fiqurlarının çoxluğu və məkanın təbiətdən daha çox təcrid edilməsi ilə seçilir.
Rəssamın eyniadlı polixrom əsəri ölçüsünün nisbətən böyüklüyü və qırmızı rəngin ağırlığı ilə fərqlənir. Hacı Çələbinin Nadir şahın hüzuruna getməsini əks etdirən bu əsərdə həm S.Zeynalovun, həm də İ.İsmayılovun özünün eyni mövzuya həsr etdiyi rəsm əsərlərindən fərqli olaraq səhnə fərqli bir baxış bucağından təsvir olunub. Digər əsərlərdən fərqli olaraq bu rəsm işində Nadir şah sağ, Hacı Çələbi isə sol tərəfdən əks olunub. Görüşün çadırda həyata keçirildiyi hiss olunur. Arxa fonda təbiət mənzərəsi və bir neçə əlavə çadır yer alıb.
İsmət Şirəli oğlu İsmayılov 1924-cü ildə Şəkinin Qudula kəndində anadan olub. Rəssamlıq təhsili almamasına rəğmən məişət janrında qrafik-ağ-qara, monoxrom (sulu boya) texnikada işlədiyi müxtəlif rəsm əsərləri ilə məşhurlaşıb. Şəki İpək Kombinatında parça eskizlərinin yaradıcısı olub, fəaliyyəti yüksək qiymətləndirilib və respublikanın “Əməkdar rəssamı” fəxri adına layiq görülüb. Azərbaycan Rəssamlar İttifaqı (ARİ) Şəki təşkilatının sədri Tahir Həmidlinin verdiyi məlumata görə, təxminən ötən əsrin 70-ci illərində Almaniyada keçirilən sərgidə Şəki İpək Kombinatının istehsalı olan parçalar və İ.İsmayılovun çəkdiyi parça eskizləri də nümayiş olunub. Sərgidən təsirlənən görkəmli rəssam Tahir Salahov Bakıya gələn kimi ittifaqın Şəki təşkilatının yaradılmasının və ipək kombinatının rəssam heyətinin bu ittifaqa üzv qəbul edilməsinin zəruriliyini vurğulayıb. Beləcə, ARİ-nin Şəki təşkilatı yaradılır.
Şəkililərin çoxunun İsmət dayı kimi tanıdığı İ.İsmayılovun Şəki Tarix-Diyarşünaslıq Muzeyində və Şəki Dövlət Rəsm Qalereyasında və şəxsi kolleksiyada peyzaj tipli başqa rəsm əsərləri də mühafizə olunur.
Əsrlər keçib, Hacı Çələbinin Nadir şahla görüşü tarixin silinməz bir parçası kimi qalmaqdadır. Bu görüşü əks etdirən iki fərqli müəllifin üç rəsm əsəri Şəkidə qorunub saxlanılır. Ancaq təəssüf ki, rəsmlərin müəllifləri unudulmaq üzrədir.
Bu il “Hacı Çələbi Nadir şahın hüzurunda” rəsm əsərinin müəllifi İ.İsmayılovun anadan olmasının 100 illiyidir. Bu məqalənin onun yaradıcılığının tədqiqinə diqqət ayrılması baxımından faydalı olacağına ümid edirik.
Zəminə Rəsulova
Şəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun əməkdaşı