30 avqust – 7 sentyabr tarixlərində Fransada 23-cü “Silhouette” (“Siluet”) film festivalı keçirilir. Festivalda ölkəmizdə çəkilən “POV Memory” (“POV yaddaşı”) filmi də iştirak edir.

Bu barədə məlumat verən filmin prodüseri Emil Nəcəfov bildirib ki, innovativ və yaradıcı qısametrajlı filmlərin nümayiş platforması kimi tanınan bu festival kinorejissorlara işlərini beynəlxalq auditoriyaya təqdim etmək imkanı verir. Bir çox məşhur kinorejissorların karyeralarının ilk addımları bu festivaldan keçib.

Bir hərbçinin həyatından bəhs edən eksperimental filmin ssenari müəllifi, rejissoru və prodüseri rusiyalı İqor Smola, digər prodüserləri Emil Nəcəfov və Şi Şuaidir, operatoru Alisa Tareliçevadır.

Filmdə Asiman Ağa Rövşən, Vüsalə Ağayeva, Ayla Ağayeva, Mahir Əsədov, Arzuman Mirzəsoy, Tamerlan Xəlilov, Konstantin Qriqoryev, Denis Okunev, Anton Klimkin, Elton Hacıyev, Kamal İlham, Dilarə Abdullayeva, Kamal İlham, Teyran İbişov, Elşən Məmmədov, Əli Əliyev, Ramil Baxşəliyev, Samir Rəcəb və Yusif Nağızadə çəkiliblər.

Ekran əsəri indiyə qədər bir sıra beynəlxalq festivallarda iştirak edib.