Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi Mədəniyyət Yolu Festivalının növbəti, sayca doqquzuncu mərhələsi 31 avqust – 8 sentyabr tarixlərində Çanaqqalada davam edir.
Festivalın burada keçirilən açılış mərasiminə mədəniyyət və turizm nazirinin müavini Batuhan Mumcu, Çanaqqala valisi Ömər Toraman, bələdiyyə başqanının müavini Öznur Benderlioğlu Doğangün, Çanaqqala 18 Mart Universitetinin rektoru Cüneyt Erenoğlu, “Çanaqqala Döyüşləri Gelibolu Tarixi Bölgəsi” açıq hava muzeyinin müdiri İsmayıl Kaşdemir və digər rəsmilər qatılıb.
Anadolu Hamidiye istehkamında gerçəkləşən mərasimdən sonra “Çanaqqala – 1915. Anmaq, anlatmaq” sərgisi ziyarət edilib. Daha sonra Çanaqqalanın müxtəlif bölgələrində açılan sərgi sahələrinə baxış keçirilib.
Rəsmilərin və çoxsaylı vətəndaşların iştirakı ilə Sülh parkından Anadolu Hamidiye istehkamına qədər Çanaqqala Mədəniyyət Yolu yürüşü də olub. Sonda festival çərçivəsində uşaqlar üçün tədbirlər məkanı ziyarət olunub.
Qeyd edək ki, Mədəniyyət Yolu Festivalının doqquz gün davam edən hər mərhələsinin proqramı konsertlərdən teatr tamaşalarına, sərgilərdən sənət görüşlərinədək bir çox istiqamətləri əhatə edir. Çanaqqala proqramına da 50-dən çox məkanda təxminən 500 tədbir daxildir. Bu tədbirlərə minə yaxın sənətçi qatılacaq.
Aprel ayında başlayan festival noyabr ayında sona çatacaq. Festivalın qarşıda daha yeddi mərhələsi (Qaziantep, Ankara, Konya, İstanbul, Diyarbəkir, İzmir, Antalya) var.
Festivalın əsas məqsədlərindən biri ölkənin mədəni zənginliyinin təbliği və tanıdılması ilə turizmin inkişafını da təşviq etməkdir.
Yeri gəlmişkən, 2024-cü ilin ilk yanvar-iyul aylarında Türkiyəyə gələn turistlərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 8,27% artaraq 28 milyon 978 minə çatıb. Mədəniyyət və Turizm Nazirliyinin açıqladığı məlumata görə, ilin ilk 7 ayında ölkəyə səfər edənlər arasında Rusiya Federasiyası vətəndaşları birinci (3 milyon 611 min), Almaniyadan gələnlər ikinci (3 milyon 503 min) olub. İlk beşlikdə İngiltərə, İran və Bolqarıstandan gələn turistlər də var.
Vüqar Orxan