“Vətən müharibəsindən sağ qayıtdım, bu dəfə şəhid ola bilərəm...”

 

Hər bir şəhidimizin həyat hekayəsi yaşanmış acıların, qələbə arzusunun və Vətən sevgisinin birləşdiyi bir tarix salnaməsinin səhifəsidir. O, xalqımızın ruhunun möhkəmliyini, eyni zamanda şəhidlərimizin nə qədər qiymətli olduğunu bizə xatırladır.

“Vətən fədailəri” rubrikasında bu dəfə şəhid kiçik çavuş Mahir Cəfərovun həyat və döyüş yolundan söz açacağıq.

Mahir Asif oğlu Cəfərov 1986-cı il sentyabrın 13-də Ağcabədi rayonunun Sarvanlar kəndində anadan olub. Sarvanlar kənd tam orta məktəbdə oxuyub. Təhsil illərində xalqının tarixini, mədəniyyətini və müstəqillik mücadiləsini dərindən mənimsəmişdi.

Hərbi xidmət zamanı Vətən qarşısında əsgəri borcunu layiqincə yerinə yetirir. Hərbi xidməti başa vurduqdan sonra bir müddət kənd təsərrüfatı ilə məşğul olur. Ancaq hərbiyə olan böyük marağı onun yenidən ordu sıralarına üz tutmasıyla nəticələnir. 2015-ci ildə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi ordu sıralarına qoşulur. 2016-cı ilin Aprel döyüşlərində iştirak edir.

Müharibələr tarix boyu insanların taleyini dəyişdirən, millətlərin gələcəyini müəyyən edən hadisələrdir. Amma bəzi müharibələr yalnız fiziki mübarizənin deyil, həm də böyük bir vətən sevgisinin, fədakarlığın və qəhrəmanlığın əfsanəvi təcəssümüdür. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi də bir qəhrəmanlığın parlaq nümunəsidir. Müharibənin ilk günündən döyüşlərə qatılan Mahir Cəfərov Suqovuşanın azadlığı uğrunda döyüşlərdə böyük qəhrəmanlıq göstərir. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Döyüşdə fərqlənməyə görə” və “Vətən müharibəsi iştirakçısı” medallarına layiq görülür.

Qarabağda Zəfərlə başa çatan müharibədən sonra sırada düşməni doğma yurdumuzdan tamamilə təmizləmək missiyası vardı. Mahir də 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda həyata keçirilən lokal xarakterli antiterror əməliyyatında iştirak edir. Xocavənd rayonu istiqamətindəki döyüşlərdə sağ qolundan və qarın nahiyəsindən güllə yarası alır. Buna baxmayaraq, yaralı vəziyyətdə döyüşü davam etdirir. Bu zaman düşmənin xain gülləsi Mahirin ürəyinə tuş gəlir. O, çox sevdiyi Vətən yolunda qəhrəmancasına şəhid olur. Doğulduğu Sarvanlar kənd qəbiristanlığında torpağa tapşırılır.

Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Mahir Cəfərov 2013-cü ildə Aytəkin xanımla ailə həyatı qurub. Həyat yoldaşı həmin günləri belə xatırlayır: “Qardaşımın nişan məclisi idi. Mahir də həmin məclisə qatılanlar arasında idi. Məni orada görüb bəyənmişdi. Bundan sonra öz ailəsini bizə elçiliyə göndərdi. Beləcə, ailə həyatı qurduq. Asif, Rahil və Ceyran adlı övladlarımız dünyaya gəldi. Mahir çox ailəcanlı, ürəyitəmiz, mehriban bir insan idi. Böyüklə böyük, kiçiklə kiçik olmağı bacarırdı”.

Aytəkin xanım qeyd edir ki, Mahirlə sonuncu dəfə ötən il sentyabrın 17-də görüşüb: “Evə gəlmişdi. Mənə “Vətən müharibəsindən sağ qayıtdım, ola bilər ki, bu dəfə şəhid olaram. Əgər şəhid olsam, uşaqlar sənə əmanətdir. Onlara həm ana, həm ata olacaqsan”, – deyə söylədi. Sabahısı gün Mahirlə telefonla axırıncı dəfə əlaqə saxladıq. Ayın 20-si isə şəhid olduğu xəbərini aldıq”.

Şəhidin atası Asif Cəfərov oğlu haqqında qürurla danışır: “Fəxr edirəm ki, belə vətənpərvər övladın atasıyam. O bizim başımızı uca elədi. Baxmayaraq ki, oğul itkisi çox çətindir. Amma çox şükür olsun ki, Mahir kimi igid oğullarımızın sayəsində torpaqlarımız işğaldan azad edildi. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Döyüş meydanında həyatlarını fəda edən şəhidlər bizlərə bir daha Vətənin necə müqəddəs bir varlıq olduğunu göstərdilər. Onlar üçün Vətən sevgisi şəxsi maraqlardan, qorxu və təhlükələrdən üstün idi. Mahir kimi şəhidlərin qoyduğu iz bizim üçün öyrədici və ilhamverici bir məktəbdir. Onların xatirəsini hər zaman uca tutmaq, qəhrəmanlıqlarını gələcək nəsillərə çatdırmaq hamımızın borcudur.

Nurəddin