Sumqayıt Dövlət Dram Teatrı yeni mövsümün açılışını 44 günlük Vətən müharibəsinin qürurunu özündə ehtiva edən iki tamaşa ilə gerçəkləşdirəcək.
20-27 sentyabr tarixlərində nümayiş olunacaq tamaşalardan biri yazıçı-dramaturq Hafiz Ataxanlının “Missiya” mistik qəhrəmanlıq dramıdır. Tamaşaya teatrın baş rejissoru Xalq artisti Firudin Məhərrəmov quruluş verib.
Əməkdar incəsənət xadimi Əli Əmirlinin “Xeyir xəbər” əsəri də açılış günləri üçün nəzərdə tutulub. Tamaşanı gənc rejissor Fuad Cavadzadə hazırlayıb.
Georgi Xuqayevin “Varlı ev” psixoloji dramı isə dövlət sifarişi ilə hazırlanıb. Artıq son məşqlər gedir, dekorasiyalar qurulur. F.Məhərrəmovun quruluş verdiyi tamaşanın ilk nümayişi oktyabrın 5-də olacaq.
Bundan əlavə, teatrda Qərbi Azərbaycan İcmasının sifarişi ilə yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Hidayət Orucovun “İrəvanda nəyim qaldı” əsəri də səhnəyə (quruluş F.Məhərrəmov) qoyulur. İctimai-siyasi, tarixi-ideoloji yüklü tamaşanın premyerası oktyabrın sonunda keçiriləcək.
Türk dünyasının ünlü yazıçısı Çingiz Aytmatovun “Dəniz kənarı ilə qaçan alabaş” povesti əsasında hazırlanan tamaşanın isə ilin sonu üçün təhvil verilməsi nəzərdə tutulub. Bu tamaşanı da teatrın baş rejissoru hazırlayacaq.
Sumqayıt teatrı yeni mövsümdə də uşaq və yeniyetmələri unutmayacaq. Şarl Perronun “Sehrin gücü” macəra tamaşası hazırlıq prosesindədir. Premyerası oktyabrın ikinci yarısında baş tutacaq. Rejissor Fuad Kazımov yeni layihə üzərində işləyir. Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş monotamaşanın məşqlərinə yaxın günlərdə start veriləcək.