Xəbər verdiyimiz kimi, Bakıda Bəhreyn RAK İncəsənət Fondunun təşəbbüsü ilə bu ölkənin rəssamlarının əsərlərindən ibarət sərgi təşkil edilib. Sərgi avqustun 30-da paytaxtdakı “QGallery”də açılıb.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov iştirak ediblər.

RAK İncəsənət Fondunun təsisçisi, tanınmış rəssam və kolleksiyaçı Raşid Al-Xalifa çıxış edərək bəhreynli rəssamların istedadlarını Azərbaycandakı sənətsevərlərlə bölüşməkdən məmnunluğunu bildirib. Qeyd edib ki, RAK İncəsənət Fondu beynəlxalq tərəfdaşlığı və qarşılıqlı anlaşmanı təşviq edir. Bu əməkdaşlıqda da məqsəd bəhreynli sənətkarların qobelenlərini Bakının canlı və rəngarəng incəsənət səhnəsinə təqdim etməkdir.

“QGallery”nin təsisçisi, “Azərxalça” ASC-nin sədri Emin Məmmədov deyib ki, rəssam Raşid Al-Xalifa və RAK İncəsənət Fondu ilə əməkdaşlıq incəsənətin, beynəlxalq dostluğun və mədəni anlaşmanın daha geniş təşəkkül tapdığını əks etdirir.

“Bəhreynin müasir incəsənət nümunələrinin ümumi mənzərəsinin Bakıda canlandırılmasından məmnunluq duyuram. İnanıram ki, bu, ölkələrimiz arasında tərəfdaşlıq imkanlarının daha da genişlənməsinə gətirib çıxaracaq”, – deyə o əlavə edib.

Qeyd edək ki, bundan əvvəl Heydər Əliyev Mərkəzində Raşid Al-Xalifanın sərgiləri  təşkil olunub.