Sentyabrın 2-də Nizami Kino Mərkəzində Qəmər Adaları İttifaqının Mayot adasına həsr edilmiş qısametrajlı filmin təqdimatı olub.

“Mayot. Ölüm adası” adlı filmin təqdimatından əvvəl “CBC TV” kanalının böyük redaktoru Gülzar Mustafayeva ekran əsərinin əhəmiyyətindən, hazırlanma prosesindən danışıb.

Bildirib ki, bu, “CBC TV” kanalının hazırladığı sənədli filmdir. Ekran əsərinin hazırlanmasında xarici həmkarlarımız da bizə yaxından kömək göstəriblər.

25 dəqiqəlik ekran əsəri Mayot adasında yaşayan yerli əhalinin taleyi haqqındadır və Fransanın müstəmləkəçilik siyasəti nəticəsində onların üzləşdiyi çətinliklərdən, dinlərindən, dillərindən, adət-ənənələrindən məhrum edilməsindən söz açır. Onlar öz ölkələrində hüquqsuz yaşadıqları halda Fransadan gələn fransız vətəndaşları Mayot adasında istədiklərini edirlər.

Mayot adasının müstəqilliyi uğrunda Mübarizə Komitəsinin üzvü Ahmed Tabet jurnalistlərə bildirib ki, Mayot da digər müstəmləkələr kimi üzləşdiyi işğala son qoyulmasını istəyir: “Bu xüsusda Azərbaycan və Bakı Təşəbbüs Qrupunun fəaliyyətini yüksək qiymətləndirirəm. Azərbaycan özünü dünyada neokolonializmlə mübarizə aparan dövlətlərə kömək edən bir ölkə kimi tanıdıb. Bakıya bu mövzuda konfransda iştirak etmək üçün gəlmişik”.

Təqdimat mərasimində çıxış edən Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirib ki, Fransanın neokolonial siyasətindən əziyyət çəkən müstəqil Qəmər Adaları İttifaqı dövləti, habelə Fransa tərəfindən işğal edilmiş Qəmər adalarının tərkib hissəsi olan Mayot adasının ictimai-siyasi xadimləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri Bakıda bir araya gəliblər. Səfər çərçivəsində onlar bir sıra görüşlər keçirəcəklər.

Abbas Abbasov filmin ərsəyə gəlməsinə görə yaradıcı heyətə təşəkkür edib.

Sonra film nümayiş olunub.

Filmdə Qəmər arxipelaqının çağdaş dövrdə üzləşdiyi çağırışlar və işğalın nəticələri diqqətə çatdırılır. Fransanın işğal etdiyi Mayot adasında yoxsulluq səviyyəsində yaşayan yerli sakinlərlə buraya köçürülmüş zəngin fransızlar arasında həyat səviyyəsinin fərqi filimdə aydın şəkildə göstərilir.

***

Qeyd edək ki, sentyabrın 3-də Bakıda keçirilən “Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı” mövzusunda beynəlxalq konfrans keçirilib. Bakı Təşəbbüs Qrupunun səyləri ilə gerçəkləşən konfransın yekunlarına dair bəyanat qəbul edilib.