8-13 sentyabr tarixlərində Qazaxıstanın Astana şəhərində V Dünya Köçəri Oyunları keçiriləcək. UNESCO-nun himayəsi altında təşkil olunacaq oyunlara 85-dən çox ölkədən 2000-dək nümayəndənin qatılması gözlənilir.

Proqrama atçılıq yarışları, güləş, ənənəvi oxatma kimi 20 əsas idman növü üzrə yarışlar daxildir. Oyunlarda idmançılarla yanaşı, mədəniyyət və elm nümayəndələri də iştirak edəcəklər.

V Dünya Köçəri Oyunlarına ölkəmizdən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərən Ənənəvi İncəsənət Mərkəzinin əməkdaşları da gedəcəklər. Onlar Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə beynəlxalq tədbirə qatılacaqlar.

Astanada Azərbaycanın keramika, batika, zərgərlik, taxta və dekorativ rəngkarlıq və s. sənət növləri nümayiş olunacaq.

Oyunlar çərçivəsində etnomədəni irsin təbliği məqsədilə elmi konfrans və mədəni tədbirlər də nəzərdə tutulur.

UNESCO-dan bildirilib ki, Dünya Köçəri Oyunları təşkilatın idman vasitəsilə sağlamlığın və rifahın yaxşılaşdırılmasına yönəlmiş “Həyat üçün addımla” təşəbbüsünə töhfə verir, layihə həmçinin qeyri-maddi mədəni irsin qorunması məqsədlərinə uyğundur.

Tədbir çərçivəsində UNESCO-nun Almatıdakı regional ofisi tərəfindən  qadınların idmanda roluna həsr olunan beynəlxalq elmi-praktik konfrans da təşkil ediləcək.

Lalə