“Yuğ”çular yaradıcılıq planlarından və əsas problemlərindən danışdılar

 

Yuğ Dövlət Teatrının kollektivi yeni mövsümün başlanması ərəfəsində, sentyabrın 3-də media nümayəndələri ilə görüşdü.

Teatrın direktoru İslam Həsənov, baş rejissor Mikayıl Mikayılov, ədəbi hissə müdiri Elçin Cəfərov, rejissorlar Gümrah Ömər, Tural Mustafayev, Günay Səttar, aktyorlar Məmməd Səfa Qasımov və Zümrüd Qasımovanın iştirakı ilə keçirilən mətbuat konfransında əvvəlcə keçən mövsümdə reallaşmış layihə və premyeraları əks etdirən videoçarx təqdim edildi.

Diqqətə çatdırıldı ki, yeni mövsüm “Yuğ”un yaradıcısı, mərhum rejissor və pedaqoq Vaqif İbrahimoğlunun 75 illik yubileyi və teatrın yaranmasının 35 illiyi ilə əlamətdar olacaq.

Vaqif İbrahimoğlu psixosof poetikası əsasında yaratdığı (Gümrah Ömərin dediyi kimi, ilkin məqsədi milli teatr konsepsiyası yaratmaq olub) teatrını həmişə ideya və yaradıcılıq mərkəzi kimi görmək istəyib və bacardığı qədər bu missiyanı reallaşdırmağa nail olub. Ötən müddətdə “Yuğ” milli teatr ənənələrimizə köklənərək öz dəst-xəttini yaradıb.

Yubiley tədbirlərinin bir hissəsi olaraq iki kitab nəşr ediləcək: biri Vaqif İbrahimoğlunun yaradıcılıq yolundan, digəri isə psixosof poetikasından bəhs edir.

Mətbuat konfransında yeni mövsümdə qoyulacaq bəzi tamaşalar haqqında da məlumat verildi. “Yuğ”çular tamaşaçılarını Gümrah Ömərin quruluşunda “Gülüş akademiyası”, Tural Mustafayevin yozumunda “Əziz ata”, Ruslan İsmayılovun təqdimatında “Arqon” tamaşaları ilə sevindirməyə hazırlaşırlar. Mövsüm ərzində digər premyeralar da nəzərdə tutulub.

Teatrın repertuarında olan “Asılqan” tamaşasının (rejissor Əbdülqəni Əliyev) heyəti oktyabrın əvvəllərində Estoniyaya qastrol səfərinə yollanacaq. Həmçinin Gürcüstan və Rusiya rejissorları ilə nəzərdə tutulan yaradıcılıq mübadiləsi yeni teatr hadisələrini gözləməyə zəmin verir.

“Yuğ” teatrının gerçəkləşdirməyə hazırlaşdığı layihələr arasında süni intellektlə bağlı ideya da var. Bütün bu yaradıcılıq prosesi isə təbii ki, müvafiq iş şəraiti tələb edir.

Mətbuat konfransında kollektivin daha çox vurğuladığı məsələ də teatrın doqquz ildən bəri A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının binasında bir otağa sığınması oldu. Çıxışçılar Kukla Teatrının bütün kollektivinə istiqanlı münasibətə görə minnətdarlıq edərək eyni zamanda mövcud şəraitin (daha doğrusu, şəraitsizliyin) yaradıcı proses üçün maneə törətməsini də xüsusi qeyd etməyin artıq olduğunu bildirdilər. Sonda bir daha belə ümid ifadə edildi ki, mədəniyyət salnaməmizdə məxsusi yeri olan Yuğ Dövlət Teatrı yaxın zamanda müvafiq bina ilə təmin olunacaq.

Samirə