Ukraynalı müəlliflərin Azərbaycan dilinə tərcümə olunmuş kitabının təqdimatı
F.Köçərli adına Respublika Uşaq Kitabxanasında ukraynalı müəlliflər Katerina Terletska və Dmitro Kuzmenkovun Azərbaycan dilinə tərcümə olunmuş “İqlim sənin əlindədir” kitabının təqdimatı keçirilib.
Tədbirdə Ukraynanın Bakıdakı səfiri Yuri Qusev (Husyev), Ukrayna Ali Radasının deputatı Sergey (Serhiy) Naqornyak, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Mədəniyyət Nazirliyinin əməkdaşı Kəmalə Əliyarova, “Hədəf” Şirkətlər Qrupunun direktoru Şəmil Sadiq, Ukraynadan ölkəmizdə qonaq olan uşaqlar və Bakı məktəbliləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova qeyd edib ki, kitab Prezident İlham Əliyevin sərəncamı ilə ölkəmizdə elan edilən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində uşaq və yeniyetmələrin maarifləndirilməsinə töhfə verəcək.
Səfir Yuri Qusev Ukrayna dilindən Azərbaycan dilinə tərcümə olunan kitabın, eyni zamanda kitabxanada “Ukrayna kitab rəfi”nin təqdimatına görə təşəkkürünü bildirib. O, bundan sonra da Ukrayna-Azərbaycan dostluğunun inkişafı üçün çalışacaqlarını deyib.
S.Naqornyak isə bildirib ki, nəşr uşaqlar üçün eksperimentlər, ekologiyanı qorumaqla bağlı bilikləri özündə əks etdirir. “Biz inanırıq ki, kitab bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 tədbiri üçün yaxşı bir töhfədir”, – deyə o vurğulayıb.
Şəmil Sadiq kitab haqqında məlumat verib. Qeyd olunub ki, kitab “Hədəf nəşrləri” tərəfindən Ukrayna Tərcümə İnstitutunun dəstəyi ilə nəşr edilib. Kitabda iqlim dəyişikliklərini anlamaq üçün 17 təcrübə təqdim olunub.
Sonda Respublika Uşaq Kitabxanasında Ukrayna uşaq ədəbiyyatı əsasında hazırlanmış kitab sərgisinə baxış keçirilib.