Məşhur mineral su yenidən sağlığımıza fayda verəcək

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda “İstisu” mineral su zavodunun açılışında iştirak ediblər.

Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına və birinci xanıma zavod barədə məlumat verib.

Bildirilib ki, işğaldan azad edilən Kəlbəcər rayonunda yenidən qurulan “İstisu” mineral su zavodu bölgənin müstəsna keyfiyyəti və sağlamlığa faydaları ilə tanınan termal suyunu illər sonra yenidən istehlakçılara təqdim edir.

Qeyd edək ki, 1976-cı ildən etibarən Kəlbəcər rayonunda “İstisu” mineral suyunun istehsalına başlanılıb. Nadir və faydalı mineral tərkibə malik “İstisu” təbii mineral suyu geniş coğrafiyada şöhrət tapıb.

Prezident İlham Əliyev zavodu işə salıb.

Mənbəyini Azərbaycanın Kəlbəcər rayonunun mənzərəli dağlıq bölgəsində, dəniz səviyyəsindən 1600 metrdən çox yüksəklikdə yerləşən termal su yataqlarından götürən və təbii halda 60°C-dən yuxarı temperaturda çıxan “İstisu” mineral suyu regionun minerallarla zəngin nadir suyu kimi xarakterizə olunur. Torpaqlarımızın Ermənistan tərəfindən işğalı ilə əlaqədar otuz il ərzində “İstisu” təbii mineral suyunun istehsalı dayanıb.

Təməli 2022-ci il iyunun 26-da Prezident İlham Əliyev tərəfindən qoyulan “İstisu” mineral su zavodunda işlər tam başa çatdırılıb.

Dövlətimizin başçısı və birinci xanım zavodda istehsal prosesi ilə tanış olublar.

Zavod müasir avtomatlaşdırılmış sudoldurma xətləri və robotlaşdırılmış anbar idarəetmə sistemləri ilə təchiz edilib. İstehsal xətləri Almaniyanın “Krones” şirkəti tərəfindən təchiz edilib və quraşdırılıb. Ən son texnologiyaların tətbiqi nəticəsində zavodda yüksəkkeyfiyyətli mineral su istehsal edilməklə yanaşı, suyun təbii xüsusiyyətlərini qoruyub saxlamaq da mümkün olub. “İstisu” zavodunun illik istehsal gücü 100 milyon şüşə butulkadan artıqdır.

Zavodda istehsal olunan su həm keyfiyyəti, həm də müasir standartlara cavab verməsi ilə seçilir. Beynəlxalq təsnifat meyarlarına görə, Kəlbəcər rayonunda yerləşən təbii mineral su “İstisu” – natrium bikarbonat və sulfatla zəngin mineral su kimi təsnif edilir. Tərkibində olan kalsium, maqnezium, bikarbonat, sulfat və digər faydalı elementlər orqanizmə müsbət təsir göstərir.

“İstisu” təbii mineral suyu, eyni zamanda yerli və beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına cavab verir və AZS 216–2006, İSO 9001:2015 və İSO 22000:2018 standartlarına uyğun olaraq sertifikatlaşdırılıb.

İkinövbəli iş rejimində fəaliyyət göstərəcək müəssisədə təxminən 100 nəfər işlə təmin ediləcək. İşçilərin əksəriyyəti Kəlbəcər və Laçın rayonlarının sakinləridir.

“İstisu” mineral su zavodu ətraf mühitin qorunmasına da töhfə verir. Mineral su istehsalında əsas səylər uzunmüddətli uğur və rifahın əsasını təşkil edən resurslardan davamlı istifadəyə, ekoloji cəhətdən təmiz istehsal prosesinə və təbiətin mühafizəsinə yönəlib. Zavodda tullantıların miqdarını minimuma endirməyə, həmçinin elektrik enerjisi resurslarından səmərəli istifadə etməyə imkan verən müasir texnologiyalar tətbiq olunur.

***

Prezident və birinci xanım “İstisu” müalicə-istirahət kompleksində aparılan tikinti işləri ilə də tanış olublar.

Bildirilib ki, 1927-ci ildə fəaliyyətə başlayan bu sanatoriya Azərbaycanda ittifaq (keçmiş SSRİ) əhəmiyyətli ikinci böyük kurort hesab edilirdi. Kompleksin ərazisində üç yataq korpusu, bir müalicəvi vanna xidməti binası, bir poliklinika korpusu fəaliyyət göstərirdi. Sovet dönəmində kurort-sanatoriya kompleksi ildə 50 min nəfəri qəbul etmək imkanına malik olub. Buraya əsasən həzm sistemi xəstəliklərinin müalicəsi üçün müraciətlər edilirdi.

Bərpa edilən kompleksin ümumi sahəsi 32 min kvadratmetr olacaq. Burada 145 nömrə, eləcə də 10 kottec yaradılacaq.

Kompleksdəki SPA mərkəzində termal hamam, müalicəvi vanna, həkim otağı, o cümlədən müxtəlif müalicəvi hovuzlar, prosedur otaqları, təzyiqli su terapiyası, masaj, buxar, duz otaqları, gözəllik salonu olacaq.

“Aşağı İstisu” mənbəyindən alman mütəxəssislər tərəfindən nümunələr götürülüb, suyun analizi və testi həyata keçirilib. Aparılan analizlər və balneoloji rəylərə əsasən, “İstisu” təbii mineral suyu fizioloji, metabolik və müalicəvi təsirlərə malikdir. Bu isə mədə-bağırsaq traktının funksional pozğunluğunun müalicəsi və həzm funksiyasının stimullaşdırılması, yaşlılarda natrium və maye çatışmazlığının, ortostatik tənzimləmə pozğunluğunun, kalsium oksalat, sistin və sidik turşusu daşlarının profilaktikası, uşaqlarda diş kariyesinin profilaktikası, eləcə də böyüklər üçün dəstəkləyici təsir baxımından çox faydalıdır.