Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Antalyada keçirilən “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirləri çərçivəsində qardaş ölkənin nüfuzlu təhsil müəssisəsi olan Akdeniz Universitetinin rektoru professor Özlenen Özkanla görüşüb.
Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin rəhbəri Azər İsmayılın da iştirak etdiyi görüşdə ölkələrimiz arasındakı yüksək səviyyəli münasibətlər, mədəni əlaqələrimizin daha da genişləndirilməsi və bu istiqamətdə həyata keçiriləcək birgə layihələr müzakirə olunub.
Toplantıda Akdeniz Universitetində yaradılacaq Azərbaycanşünaslıq Mərkəzi üçün nəzərdə tutulan ərazi və onun dizaynı, ayrılacaq zalda ölkəmizə dair mini kitabxananın təşkili, sözügedən mərkəzin çoxfunksiyalı fəaliyyəti, eləcə də mühazirə və açıq dərslərin keçirilməsi razılaşdırılıb.
Bununla bağlı Mədəniyyət Mərkəzindən verilən məlumata görə, sözügedən mərkəzdə dövlət rəmzlərimiz, ölkələrimizin qardaşlıq münasibətləri, tariximiz, mədəniyyətimiz və dahi şəxsiyyətlərimizə dair guşələr yer alacaq, tanınmış şəxsiyyətlərimizin portretləri, habelə Azərbaycana dair rəsmlər, fotoşəkillər, suvenirlər, xalçalar, kəlağayılar və daimi sərgilər yer alacaq.
Azərbaycan Mədəniyyət Mərkəzi yaradılacaq Azərbaycanşünaslıq Mərkəzini texniki avadanlıqlarla təmin edəcək və gələcəkdə mərkəzdə ana dilimizin öyrədilməsi məqsədilə kurslar təşkil olunacaq. Azərbaycanşünaslıq Mərkəzi Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə fəaliyyətini daimi koordinasiya edərək, birgə layihələr reallaşdıracaq, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin daha da gücləndirilməsi, milli mədəniyyətimizi qardaş ölkədə daha geniş və sistemli təbliğ edəcək, Azərbaycan və Türk dünyası universitetləri ilə körpü rolunu həyata keçirəcək.
Qeyd edək ki, 24 fakültə, 74 min tələbəsi ilə Türkiyənin ən nüfuzlu təhsil ocaqlarından sayılan Akdeniz Universitetində 600-dən çox azərbaycanlı tələbə təhsil alır. Mərkəz gələcəkdə Azərbaycanşünaslıq Mərkəzi Universitetdəki azərbaycanlı tələbələrin dərnəklərinin fəaliyyətinə dəstək olacaq və hər iki ölkənin gəncləri mərkəzin xidmətlərindən faydalanacaq.