Azərbaycan

 

8 sentyabr 1903 – Əməkdar artist Dadaş Kamil oğlu Şaraplı (Məmmədov; 1903–1959) Bakıda doğulub. Akademik Dram Teatrının aktyoru olub.

8 sentyabr 1906 – Xalq artisti Yelena Vladimirovna Taryeva (1906–1962) Odessada doğulub. Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası (1938-ci ildən) olub.

8 sentyabr 1949 – Əməkdar incəsənət xadimi Hüseynağa Ağahüseyn oğlu Atakişiyev (1949 – 9.4.2006) Bakıda anadan olub. Şəki Dövlət, Akademik Milli Dram teatrlarında baş rejissor işləyib. 1989-cu ildə Gənclər Teatrını (2009-cu ildə Gənc Tamaşaçılar Teatrına birləşdirilib) yaradıb. “Üzeyir ömrü” (1981) filmində çəkilib.

8 sentyabr 1982 – Xalq artisti, teatr rejissoru Ələsgər Məmmədtağı oğlu Şərifov (25.12.1909 – 1982) vəfat edib. Akademik Milli Dram Teatrında çalışıb, “Səbuhi” filmində M.Ş.Vazeh rolunda çəkilib.

8 sentyabr 2015 – Xalq artisti, tanınmış kamança ifaçısı Habil Mustafa oğlu Əliyev (28.5.1927 – 2015) vəfat edib. Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Filmlərdə musiqiləri ifa edib.

 

9 sentyabr 1937 – Əməkdar mədəniyyət işçisi Aybəniz Səməd qızı Vəkilova (1937 – 13.6.2009) anadan olub. Səməd Vurğunun Bakıdakı ev-muzeyinin baş mühafizi və direktoru işləyib.

9 sentyabr 1939 – Xalq artisti İrina Aleksandrovna Perlova (1939 – 14.9.2010) anadan olub. Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (rus bölməsi) quruluşçu rejissor işləyib.

9 sentyabr 1991 – Dünyaşöhrətli xalçaçı alim, dekorativ sənət ustası, Xalq rəssamı Lətif Hüseyn oğlu Kərimov (1906 – 9.9.1991) vəfat edib. “Azərbaycan xalçalarında ornament”, “Azərbaycan xalçası” çoxcildliyi və s. kitabların müəllifidir. L.Kərimovun təşəbbüsü ilə Bakıda Xalça Muzeyi təşkil olunub.

9 sentyabr 2014 – Xalq artisti İbrahim Əhməd oğlu Məmmədov (Bənəniyarlı; 22.12.1934 – 2014) vəfat edib. Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru olub.

9 sentyabr 2022 – Əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Nağı qızı Qasımova (12.7.1940 – 2022) vəfat edib. Tamaşalara, filmlərə (“Möcüzələr adası”, “Alman klinikasına şəxsi səfər” və s.) musiqi yazıb, mahnıların müəllifidir.

 

10 sentyabr 1901 – Əməkdar artist, vokalçı Qulam Məşədi Kazım oğlu İsgəndərov (1901–1975)  Şamaxıda doğulub. Opera və Balet Teatrında çalışıb.

10 sentyabr 1917 – Xalq artisti Firuzə Məmmədqulu qızı Əlixanova (1917 – 24.11.1994) Naxçıvan MR Ordubad rayonunda doğulub. Naxçıvan Dövlət Musiqili Dram Teatrının ilk aktrisalarından olub.

10 sentyabr 1931 – Xalq artisti, tanınmış vokal ifaçısı, aktyor Mobil Salman oğlu Əhmədov (1931 – 3.6.2006) Gəncədə doğulub. 40 ilə yaxın Musiqili Komediya Teatrında çalışıb, tamaşalarda əsas rolları ifa edib.

10 sentyabr 1935 – Şərqşünas Maqsud İbrahim oğlu Hacıyev (1935 – 2.3.2023) Quba rayonunun Gümür kəndində anadan olub. İran, əfqan ədəbiyyatına dair tədqiqatların müəllifi, tat və fars dilləri ilə bağlı lüğətlərin tərtibçisidir.

10 sentyabr 2015 – Əməkdar rəssam Altay Ağasəid oğlu Səidov (1926 – 10.9.2015) vəfat edib. Gənc Tamaşaçılar Teatrında baş rəssam işləyib.

10 sentyabr 2021 – Prezident İlham Əliyev Xalq rəssamı Mikayıl Abdullayevin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

 

11 sentyabr 1913 – Xalq artisti, kinorejissor Muxtar Baba oğlu Dadaşov (1913 – 7.5.1998) anadan olub. “Qanun naminə”, “Bakıda küləklər əsir” və s. filmlərə quruluş verib. Sənədli və bədii filmlərin (“Yeni horizont”, “Arşın mal alan”) operatoru olub.

11 sentyabr 2001 – Xalq artisti Məmməd Allahverdi oğlu Quliyev (15.3.1914 – 2001) vəfat edib. Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru olub.

 

Dünya

 

8 sentyabr 1830 – Fransız şairi Frederik Mistral (1830–1914) anadan olub. 1904-cü ildə ispan dramaturqu Xose Eçerqay-i-Eysagirre ilə birlikdə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. Kitabları: “Mireyo”, “Qızıl adalar”, “Zeytun yığımı”.

8 sentyabr 1841 – Çex bəstəkarı Antonin Leopold Dvorjak (1841–1904) anadan olub. 10 opera (“Su pərisi”, “Armida” və s.), 9 simfoniya, 5 simfonik poema və başqa əsərlərin müəllifidir.

8 sentyabr 1923 – Dağıstanın Xalq şairi Rəsul Həmzətov (1923 – 3.11.2003) anadan olub. Milliyətcə avardır. Kitabları: “Dostları qoruyun”, “Mənim Dağıstanım” və s. Şeirlərinə populyar mahnılar bəstələnib. Sosialist Əməyi Qəhrəmanı adına, Lenin mükafatına layiq görülüb.

8 sentyabr 1937 – Türk kinoaktyoru Cüneyt Arkın (əsl adı Fahrettin Cüreklibatur; 1937 – 28.6.2022) anadan olub. 300-dək filmdə çəkilib.

 

9 sentyabr 1583 – İtalyan bəstəkarı, fuqa musiqi alətinin yaradıcılarından biri Cirolamo Freskobaldi (Girolamo Frescobaldi; 1583–1643) anadan olub.

9 sentyabr 1828 – Rus yazıçısı və mütəfəkkiri Lev Nikolayeviç Tolstoy (1828 – 20.11.1910) Tula quberniyasının Yasnaya Polyana kəndində doğulub. Əsərləri: “Ailə xoşbəxtliyi”, “Hərb və sülh”, “Anna Karenina”, “Dirilmə” (romanlar), “Kreyser sonatası”, “Kazaklar”, “Hacı Murad” (povestlər), “Canlı meyit” (pyes) və s.

9 sentyabr 1908 – İtalyan yazıçısı Çezare Paveze (Cesare Pavese; 1908–1950) anadan olub. “Yoldaş”, “Xoruz banlamayınca”, “Gözəl yay”, “Ay və tonqallar” və s. romanların müəllifidir.

9 sentyabr 1913 – Türk rəssam, səhnə tərtibatçısı, teatr rejissoru və pedaqoq Tarık Levendoğlu (1913 – 8.9.1978) anadan olub.

 

10 sentyabr 1912 – Danimarka karikaturaçısı Herluf Bidstrup (Herluf Bidstrup; 1912–1988) anadan olub.

10 sentyabr 1914 – Amerika kinorejissoru Robert Uayz (Robert Wise; 1914–2005) anadan olub. İki dəfə “Oskar” mükafatı alıb: “Vestsayd əhvalatı”, “Musiqi səsləri”.

10 sentyabr 1934 – Türk mənşəli (Krım tatarı) Ukrayna bəstəkarı Alemdar Karamanov (1934–2007) anadan olub. Əsərləri: “Ay dənizi” simfoniyası, “Məhəbbətdən güclü” baleti və s.

 

11 sentyabr 1862 – Amerika yazıçısı, novella janrının ustası O` Henri (William Sydney Porter; 1862–1910) anadan olub. Əsərləri: “Dörd milyon”, “Yanan lampa”, “Taleyin yolları” hekayələr toplusu, “Krallar və kələm” romanı və s.

11 sentyabr 1865 – Latviya şairi və dramaturqu Yan Raynis (əsl soyadı Pliekşans; 1865–1929) anadan olub. Kitabları: “Tufan səpini”, “Son və başlanğıc”, “Evə”.

11 sentyabr 1894 – Ukrayna kinorejissoru, SSRİ Xalq artisti Aleksandr Dovjenko (1894–1956) anadan olub. Filmləri: “Arsenal”, “Torpaq”, “Aeroqrad” və s.

11 sentyabr 1885 – İngilis yazıçısı David Herbert Lourens (David Herbert Lawrence; 1885–1930) anadan olub. Psixoloji romanları ilə məşhurlaşıb: “Göy qurşağı”, “Vurğun qadınlar”, “İtkin qız”, “Ledi Çatterleyin məşuqu”.

11 sentyabr 1903 – Alman filosofu və musiqişünası Teodor Adorno (Theodor Ludwig Wiesengrund-Adorno; 1903–1969) anadan olub.

Hazırladı: V.Orxan