Əməkdar incəsənət xadimi, rejissor Elçin Musaoğlunun “Məryəm” bədii filmi oktyabrın 5-dən 15-dək Antalyada keçiriləcək “Altın portağal” Beynəlxalq Film Festivalının müsabiqə proqramında nümayiş olunacaq. Bu barədə festivalın saytında məlumat verilib.
Film uzun illər vəfat etmiş hesab etdiyi atasının sağ olduğunu öyrənən və onunla görüşmək üçün Azərbaycana gələn qızın təsirli hekayəsindən bəhs edir. O, həyatını kökündən dəyişdirən və həmin ana qədər bildiyi hər şeyi yenidən düşünməyə vadar edən bir həqiqətlə qarşılaşır.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, “Azərbaycanfilm” kinostudiyası, Türkiyənin TRT telekanalı və “Sinema evi” studiyasının birgə əməkdaşlığı ilə çəkilən filmin premyerası 2023-cü ilin oktyabrında Bakıda lll “Korkut Ata” Türk Dünyası Film Festivalında olub.
“Altın portağal” Türkiyənin kino sahəsində ən böyük festivalı sayılır. Hər il festivala dünyanın bir çox ölkələrindən filmlər qatılır.