İdman, ənənəvi xalq oyunları və mədəni irs bir arada

 

8–13 sentyabr tarixlərində Astanada (Qazaxıstan) keçiriləcək V Dünya Köçəri Oyunlarında 89 ölkə təmsil olunacaq. Ev sahibi ölkə budəfəki Oyunları idman, ənənəvi xalq oyunları və mədəni irsin bir arada təqdim edildiyi möhtəşəm bayrama çevirmək niyyətindədir.

“Kazanat” yarış meydançası yaxınlığında keçiriləcək tədbirlə bağlı təxminən 10 hektar ərazidə “Köçərilər dünyası” etnoaulu (etnokənd) qurulub. Etnoaulda mərkəzi meydan, xalq musiqisi üçün çadır, açıq səma altında “Köçəri sivilizasiyalar muzeyi”, idman tədbirləri, milli mətbəx, əsas səhnə və s. məkanlar var.

Burada təşkil olunacaq “Şərq bazarı”nda Qazaxıstanın 200-dən çox sənətkarı öz məhsullarını təqdim edəcək. Oyunların iştirakçılarına, turistlərə qazax xalqının milli təamları təqdim olunacaq.

Oyunlar ərəfəsində Qazaxıstanın Türküstan bölgəsində “Birlik kerueni” (“Birlik karvanı”) layihəsi təşkil olunub. Karvan Türküstandan paytaxt Astanaya yollanıb. Müxtəlif bölgələrdən olan idmançıların iştirakı ilə yerlərdəki bulaqlardan və quyulardan su götürülərək Astana şəhərinə çatdırılacaq.

Qeyd edək ki, V Dünya Köçəri Oyunları 21 idman növü üzrə keçiriləcək. 89 ölkədən təxminən 2800 nəfər iştirakçı 97 dəst medal uğrunda yarışacaq.

Dünya Köçəri Oyunları ilk dəfə Qırğızıstanın təşəbbüsü ilə 2014-cü ildə keçirilib. Qırğızıstan 2016-cı və 2018-ci illərdə ikinci və üçüncü Oyunlara da ev sahibliyi (Çolpon-Ata şəhəri) edib. 2020-ci ildə Türkiyədə (Bursanın İznik bölgəsi) nəzərdə tutulan IV Dünya Köçəri Oyunları pandemiya səbəbindən ertələnib və 29 sentyabr – 2 oktyabr 2022-ci il tarixlərində gerçəkləşib. Azərbaycan da ənənəvi olaraq Dünya Köçəri Oyunlarında geniş heyətlə təmsil olunur.