Laçından bitməyən təəssürat

 

Sosial şəbəkələrdə qarşıma bir görüntü çıxdı. Beli bükülmüş yaşlı nənə Laçında viran olmuş evinə ağı deyir. Bərk sarsıldım. Uçuq, boş, hənirə həsrət divarlar kimi lal-dinməz seyr elədim mən də...

...Əslində, Laçından bu dəfə başqa ovqatda qayıtmışam. Oradakı quruculuq işləri hələ də gözümün önündə, sinəsinə dağlar çəkilmiş dağların yeni havası ciyərlərimdədir. Doğrudur, yeni Laçındakı buludlara ucalan narıncı damlı ağ evlər arasında adda-budda gözümə kadrdakı nənənin evi kimi dağılanlar da dəyirdi. Amma onlar da təmir-bərpa olunub ağ günə çıxan digər evlərə qoşulacaq qısa zamanda...

Laçın budəfəki səfərimizdə (ikinci “Şəhər günü”) parlaq rəngləri ilə bərq vururdu. Zümrüd rəngi günəş şüaları altında yaşıl-mavi işıq saça-saça gözlərimi qamaşdıranda mən bu yurdun cənnətinə qalxdığımı zənn etdim. Qürurdan, bu hissin verdiyi qəhərdən öz gözümdə ucaldıqca ucaldım. Qalib xalqın nümayəndəsi olmaqdan zövq aldım. Dağına, daşına, torpağına təmasdan aldığımız xoşbəxtlikdən bunca il necə məhrum olmuşuq?... Yaşıllıqlar arasında ağappaq boyanmış evlər, onun eyvanlarında buğlanan samovarın ətrafına toplaşan yaşlılar, həyət-bacada oynayan uşaqlar ... necə böyük səadətin təsvirçiləri idilər.

Təsvir demişkən. Bir də onu vəsfə gələn rəssamlar vardı həmin günlər Laçında.

Təəssüratımın coşub-çağladığı bu qeydlərdə Laçına qonaq sənətçilərlə doğma yurda vurğun sakinlərini birləşdirib bir mənzərə hasil etməyə çalışacağam.

***

Seyrəngahda “Qoçdaş” interaktiv sərgisi vardı. İstedadlı fırça ustalarını bir araya gətirən sərgidə Laçının rəmzinə çevrilən və otuz il yağı düşmən tərəfindən talan edilən qoç heykəllərinin maketləri üzərində rəssamların təxəyyülünə şahidlik etdik. Onu da deyim ki, bu rəssamların əl işləri sonda xatirə kimi Laçında qalacaqdı.

Günəşin al şəfəqləri altında təbiətin təsvir bolluğunda gücünü rənglərdən alan rəssamları öz dünyalarından ayırmaq çətin olsa da, bir-iki kəlmə danışdırmaq imkanımız oldu.

Azərbaycan Rəssamlar Ittifaqının üzvü Günel Ravilova Laçına ikinci dəfə gəlib.

Təbii təsvirlərə bələnib buralara gözəllik bəxş edən yenilənmiş tikililərin onu xüsusilə məftun etdiyini deyir. Bildirir ki, Laçın mənzərələri rəssam üçün əsl ilham mənbəyidir. İllər əvvəl anası – rəssam Fatma Məstanovanın Laçında mozaikalar çəkdiyini yada salır. O mozaikaların dağıdılmasından dərin təəssüflə danışır.

Rəssam Məhərrəm Əli isə Laçına gəliş sayını unudub və hər səfərin digərləri kimi onu heyrətə qərq etdiyini deyir: “Bura hər gələndə sübhdən oyanır və Həkəri sahilində idman edib, bacardıqca dağlara çəkilirəm. Burada həm də bir dostum var – qartal. Bəzən onu görmək üçün saatlarla gözləyirəm. Mənə elə gəlir ki, o və ümumən digər qartallar məxsusi Laçını salamlamaq üçün az da olsa aşağı enir, qıy vurur və sonra öz kəhkəşanlarında qərq olurlar... Mən də bu yerlərin qəlbimdə oyatdığı o hissləri təsvirə can atıram”.

Mir Azər Abdullayev də “Laçın irsimiz – “Qoçdaş” art-layihəsində rəssamların bir araya gəlməsindən məmnundur. Deyir, Laçına ilk səfərimdir. Çox istərdim ki, belə layihələr davamlı olsun və müxtəlif sənət üslublarında işləyən rəssamlar yeni qurulan Laçını bir də belə yaddaşlara həkk etsinlər.

 

Bu gözəl gün və bu məkana gəlişimiz bir möcüzədir

 

Seyrəngahın yuxarı tərəfində də ayrı bir təntənə vardı. Xalq tətbiqi sənəti təmsilçiləri – nəqqaşlar, şəbəkə, keramika, misgərlik, həsir sənəti ustaları laçınlıları başlarına toplayıb ustad dərsləri, praktik təlimlər keçirdilər. Ölkənin müxtəlif bölgələrindən gələn ustalar uşaqlarla şirin-şirin söhbət edir, onların saysız suallarından yorulmaq bilmirdilər.

Şəkili şəbəkə ustası Soltan İsmayılov da burada idi. 47 ildir bu sənətlə məşğul olan və saysız tələbələr yetişdirən həmsöhbətim laçınlı uşaqların və sözsüz ki, böyüklərin marağından xeyli məmnun görünürdü: “Bu gözəl gün və bu məkana gəlişimiz bir möcüzədir. Bunu yaşadanlara sonsuz təşəkkür edirəm. Laçın memarlığı, xüsusən eyvanları məni cəlb elədi. Şəbəkə sənəti nümunələrinin Laçında da iz salmasını arzu edirəm və inanıram ki, bu sahəyə maraq göstərən gənclər burada da olacaq. Şəbəkə sənəti bir incəlik, dəqiqlik, riyazi bilgilər tələb edir. Ona könül vermək heç də asan olmur”.

Miniatür musiqi alətləri stendinin ətrafında xeyli uşaq və yeniyetmə vardı. Rauf Seyidzadə uşaqlarda maraq yaratmaq üçün daha çox sadə quruluşlu musiqi alətlərini kiçik ölçüdə hazırlamağı məsləhət görürdü. Taxta parçalarına toxunuşlar edən uşaqlar sonra öz əl işlərini xatirə kimi saxlaya da biləcəkdilər deyə xeyli canfəşanlıq edir, sanki yarışırdılar. Əl işləri də tar, kamança, nağara, qaval kimi alətlərin maketləri idi.

Naxışçı misgər (özü peşəsinə həkqaş deyir) Vahid Süleymanov da bərk məşğul görünürdü. Misi sürtə-sürtə həvəslə danışırdı: “Gənclər, uşaqlar mənim əl işlərimə maraq göstərib, misi, bu sərt metalı necə yola gətirdiyimə tamaşa etdikcə kövrəlirəm. Sevinirəm ki, sənət sahəmiz az da olsa, gənclərin diqqətini cəlb edir. Bayaqdan insanlar bu günü tarixiləşdirmək üçün kəsdiyim dairəvi misə naxışlar vururlar. Neynək, qoy bu da bizdən, lahıclı ustadan və həvəskarlardan Laçına xatirə qalsın”.

Vəfa Mustafayeva başına laçınlı gənc xanımları yığmışdı. Təkəlduz, tikmə sənəti ilə məşğul olan usta bura ikinci dəfə gəldiyini deyir: “Unudulmaqda olan sənət növlərini yaşatmaq, o cümlədən Qarabağa xas keçə sənətinin təbliği üçün əlimizdən gələni edirik.  Gördüyünüz kimi, bu dəfə keçə sənəti nümunələri ilə yanaşı, həm də tikmə sənəti üzrə sadə nişanları öyrətməyə çalışıram. Ümumən xanımların, qız-gəlinlərin cehizlərini bəzəyən bu zərif tikmələrin daha da populyarlaşmasını arzulayıram”.

 

Hamımız nisgilli qayıtsaq da, Laçın dərdimizə dərman olacaq

 

Laçının bayramı laçınlılarsız olmaz deyib yolunu Seyrəngaha, Həkəri sahilinə salan, üz-gözündən sevinc yağan sakinlərlə də, az da olsa, tanışlıq, ünsiyyət imkanı tapdım.

Ən xoşuma gələni isə hər kəsin bir-biri ilə salamlaşması və “Qonaqsan, deyəsən? Buyur, içəri keç, bir qısmat çörək ye“ deməsi idi.

Qaldığım məkandan üzüyuxarı və aşağı hər sübh tezdən gəzdiyimdən müxtəlif insanları, köhnə yurdundakı təzə evində ruhən də təzələnən, illərin həsrətinə inad buradan getdiyi yaşına “qayıdan” sakinləri gördüm.

Taksi sürücüsü Etibar kişi “Laçında qonaqsan, gözümüz üstə yerin var. Lap istəsən pul vermə. Nə olacaq, pul həmişə olur. Amma qonaq gərək bizdən razı getsin” deyib gülümsədikcə öz-özümə “dağlar da həmin dağlardı, adamlar da” söylənib xeyli sevindim.

Yolun ortası ilə gəldiyimi görən bir xanım (sonradan tanış olub söhbət etdik Məlahət xanımla) eyvanından əl eləyərək məni israrla içəri dəvət etdi. “Gəl, gör necə bağ salmışam” deyəndə maraq məni götürdü.

Sahibi üçün darıxan torpaq bir ildə bolluca məhsul vermişdi. Rəngarəng güllər, salxımlanan üzümlər, sıralanan tərəvəzlər, göy-göyərtilər 35 il uşaq bağçasında tərbiyəçi işləyən Məlahət xanımın ürəyindəki sızıltını unutdurmaq üçün yetərlidir, məncə. İndi Laçına sevimli həyat yoldaşı və bacısı olmadan, yəni həsrətli illərin ağırlığında bir də doğmalarının itkisi ilə qayıtsa da, tək təsəllisi heç olmasa ahıl çağlarını doğma ocağında keçirməsidir.

Oğlu, nəvələri tez-tez gəlsələr də, burada tək yaşayır. Vaxtının çoxunu bağ-bostanda, bir də bir az aralıda yaşayan qohumlarıgildə keçirir. Deyir, hamımız yaralı, hamımız nisgilli qayıtsaq da, Laçın bizim dərdlərimizə dərman olacaq, əminəm.

Mətanət Muxtarova da sevinclidir. 18 yaşında ailə qurub çıxdığı Laçına – ata yurduna qayıdıb. Hələlik qonaq kimi. Ən böyük arzusu ona da laçında yuva olacaq bir evin verilməsidir. Kövrəlir, gözlərinin yaşını əlinin arxası ilə silərək “Elə bilirəm elə 18 yaşında qalmışam. Atam da, anam da sağdır. İndi “Vağzalı” çalacaq və mən qapımızdan onların xeyir-duası ilə çıxacam” – deyir. Köhnə Laçın, itirdiyi doğmaları üçün çox darıxdığını da əlavə edir. Laçını yenidən qurub-yaradanlara təşəkkürünü də unutmur.

Köhnə-təzə qonşularından daha toxtaq görünən Şücaət Baxşəliyeva da 31 yaşında çıxdığı Laçından danışdı. Məcburi köçkün illərinin ağırlığını üzərindən ataraq söhbətin üstündən “Şəhər bizdən ömrümüzü aldı” ilə adlayır. Yeni Laçını vəsfdən doymur: “İnan ki, içimdə bura qayıtmaq inamım heç vaxt öləzimədi. Düzdür, illər keçdikcə kədər yükümüz artırdı. Amma əlimiz Laçından heç vaxt üzülmədi və Ordumuz, dövlət başçımız, bir də Laçına sevdamız bizi buralara qovuşdurdu. İllərin acığına cavanlara qoşulub dağlara qalxdım, çay sahilində nəfəsimi dərib, şəlalələrin buz sularında üz-gözümü yudum. Həsrətimə təsəlli verdim. Qıjı, yarpız, kəkotu, ətotu, qırxbuğum da yığdım...”.

30 illik pedaqoji təcrübəyə malik ibtidai sinif müəllimi olduğunu sonradan öyrəndiyim Zemfira Hüseynovanı gözüm bayaqdan almışdı. Yaz buludu kimi dolan gözlərini uzaqlara zilləmişdi. Pıçıltı ilə nə isə deyirdi. Əvvəl elə bildim Laçına nəğmə oxuyur, zümzümə edir. Bir az da yaxınlaşdım. Tez-tez əlindəki telefonun üz qabığındakı şəklə baxır, sonra öpüb ürəyinin üstünə qoyurdu. Bunu bir neçə dəfə təkrar edəndən sonra “Gəzirəm Laçını, ay Eldəniz. Anan ölsün, amma sənin ayaqlarınla. Kaş sən də gələ biləydin, ay oğul. Axı, sən Laçını hamımızdan çox sevirdin, soyuq torpağa bəzək balam” deyib hıçqırdı.

Bu həzin səsin çağırışı, bir ananın göz yaşları ürəyimi dağlasa da, özümə toxtaqlıq verib ona yaxınlaşdım: “Salam, ay ana. Bəlkə bayaqdan seyrə daldığın Laçını bir də sözə çəkəsən” deyib zoraki gülümsədim.

Dağ adamlarına xas saflığı üzündə izlər salmış ağbirçək qadın cəld yaylığının ucu ilə gözlərini silib “Buy ay qızım, Laçına sözmü çatar?” deyib boynumu qucaqladı.

Batmaqda olan günəşin şəfəqləri onun iri qonur gözlərindəki yaşı parıldatdıqca  mənim onunla söhbət arzum daha da artırdı.

Xeyli danışdıq. Buna dərdləşmək də demək olar. Artıq axşam düşdüyündən üşüdüyümü hiss edib, yun şalını çiynimə atdı. Qayğıkeşliklə “Bizə baxma, sən buraların havasına  alışmamısan. Azarlarsan. Sonra da deyərlər, laçınlılar qonağa yaxşı baxmadı” deyib güldü. Gənclik illəri, sevgisi, ailəsi, övladları, ev-eşiyi, qayğısız illəri ilə bağlı dedikləri fonunda bir şeyi yəqin etdim ki, Zemfira ana zamanı Laçından çıxanda dondurub. O, yaşadıqlarına rəğmən hələ də 40 yaşında çıxdığı zamanında qalıb.

İki oğul, iki qız anası olan Zemfira xanım bircə oğlunun itkisi ilə barışmır. Deyir “Eldəniz döyüşlər başlayanda Bakıda idi, ali təhsil alırdı. Vəziyyəti bilən kimi bura gəldi. Döyüşlərdə iştirak etdi. Son günə qədər qaldıq. Sonra məcbur bizi də götürüb getdi. Ürəyimə dammışdı ki, o, Laçınsız dözə bilməyəcək. Heç çox dözmədi də. 30 yaşında dayandı ürəyi. Eldəniz bizi aparmışdı burdan. Amma mən onsuz qayıtdım. Lakin elə bilirəm o da mənimlə gəzir, burada, yanımdadır...”.

Ondan Laçına qayıdandan sonra ilk bişirdiyi yeməyi də soruşuram. Beləcə, onu tez-tez kökləndiyi kövrək notlardan ayırmağa çalışıram. Deyir, əlbəttə ki, qaralı aş bişirdim. Üstəlik bozartma, buğlama da asdım. Sonra Laçını gəzdim. Piyada gedə bilmirəm. Nəvəm, oğlum maşınla aparıb, dağlardan kəkotu da yığmışam. “Sənə də pay gətirəcəm. Sabah burda ol ha” deyib sağollaşdı.

Sevil Musayeva Laçın rayonunun Bozlu kəndindədir. 58 yaşı var. Hazırda burada çalışır. Deyir, təki Laçında olum: “İnan, o qaratikan, əl-ayağımıza batan tikan üçün də darıxmışdım. İnşallah, öz evimiz tikiləndə ora – kəndimizə qayıdacam. İndi doğma rayonumuzdayam. Tez-tez kəndimizə baş çəkirəm. Artıq iki ildir buradayam. Qəfil dünyasını dəyişən oğlumun dərdi olmasa idi, buralarda yüz il daha yaşayaram. Doğma yurdumuza itki ilə qayıtdım. Amma təsəllim dərdimə dərman Vətən torpağıdır”.

***

Elə bilməyin ki, Laçında ancaq yaşlı nəslin nümayəndələri var. Yeni nəsil laçınlılarla da tanış oldum.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat mühəndisliyi üzrə 3-cü kurs  tələbəsi 20 yaşlı Nemət Qəhrəmanov bura tətilə gəlib. Bekar dayanmağı sevmir deyə xidmət sahəsində çalışır. Deyir, təhsilimi başa vuran kimi Laçına qayıdacam: “Hazırda Laçında böyük quruculuq işləri gedir. Çox istərdim ki, Laçının aurası pozulmadan bir modern şəhər salınsın. Təbiətlə təmasda, bir növ, ənənə ilə müasirliyin sintezində, təbii landşaft qorunmaqla qurulsun bu şəhər. Gələcəyin inşaat mühəndisi kimi burada diqqətimi çəkən başqa bir məqam şəhərin özünəməxsus memarlıq üslubu və ona uyğun bərpa işləridir...”.

Həkəri sahilində gəzintidə daha iki işıqlı Laçın sakini ilə tanış oldum. Üz-gözündən mehribanlıq, şəfqət yağan Şəfəq Məmmədli həkimdir. Söhbət zamanı bacısı ixtisasca müəllim olan Aybəniz Məmmədli ilə də qaynayıb-qarışdıq. Ayın sularda yaratdığı təsvir fonunda böyük ailənin iki şən, mehriban, sevgi dolu qızı uzun illər öncəyə qayıtdılar. 86 yaşlı ataları Məhər kişinin Laçına köçünün səadətində özləri də uşaqlaşmışdılar, sanki. Onlar danışır və təsvir əyaniləşir. Budur, dəcəllik edib ağacların başında gəzdilər, fındıq ağaclarının kolları arasında gizlənqaç oynadılar. Yorulmaq bilmirlər, indi də “Bənövşə, bəndə düşər, bizdən sizə kim düşər?” deyib qruplara bölündülər. Sonra üzüaşağı qaçışdılar. Sürətlərini saxlaya bilməyib yıxıldılar. Qanayan diz və dirsəklərini analarından gizləmək üçün evlərinə qaçdılar... Anaları qumral saçlarını darayıb, hörəcəkdi. Ataları “Yüz dəfə demişəm ki, qız uşağısız, o qədər qaçdı-tutdu oynamayın. Baxın,  əl-ayağınız çapıq-çapıqdı” deyib guya onlara hirslənəcək, anaları dözməyib “Yaxşı, atası, bir də eləməzlər” deyib qızlarını süfrə arxasına yığacaqdı...

“Gecəniz xeyrə. Atamız təkdir. Narahat olar. Biz gedək, səhər Bayraq meydanındakı yürüşdə görüşərik” deyib uzaqlaşan bacılarla da, hələ axşam mənimlə vədələşən Zemfira xanımla da yenidən görüşdüm. Sözsüz, yenə də yenidən görüşmək üçün vədələşdik. Yaxın zamanda Laçında görüşənədək, dostlar...

Həmidə Nizamiqızı