Film festivallarının vahid şəbəkəsi olacaq
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Kino Agentliyinin dəstəyi ilə 2–8 oktyabr tarixlərində “Baku Cinema Breeze” adlı böyük kinofestival keçiriləcək.
“Baku Cinema Breeze” indiyədək ayrı-ayrılıqda təşkil edilən “Doku Baku” sənədli film festivalı, BİFF – Bakı Beynəlxalq Film Festivalı (qısa və tammetrajlı filmlər), ATA – Türk Animasiya Assosiasiyasının keçirdiyi film festivalı və ANIMAFILM Beynəlxalq Animasiya Festivalı kimi dörd layihəni bir araya gətirməklə dünya kinematoqrafiyası nümunələrinin nümayişi üçün vahid şəbəkə rolunu oynayacaq.
Festival çərçivəsində kino sənayesindəki imkanlarını nümayiş etdirən Orta Şərq və Mərkəzi Asiya miqyaslı yeni kino sənayesi bazarı “OMA” kinomarketi də təşkil olunacaq.
Tədbirdə iştirakçılar bir-birləri ilə əlaqələr qurmaq və gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmək imkanı əldə edəcəklər ki, bu da regionda kino sənayesinin inkişafı üçün mühüm addım olacaq.
“Baku Cinema Breeze” festivalı əlavə olaraq ABŞ, Kanada, Hindistan, Niderland, Türkiyə, Almaniya, Portuqaliya, BƏƏ, Yunanıstan, Koreya, Gürcüstan, Estoniya və digər ölkələrdən kino sənayesi nümayəndələrini, həmçinin dünya kinematoqrafiyasının tanınmış simalarını Azərbaycanda bir məkana toplamaq niyyətindədir.
Festival müddətində Bakının müxtəlif kinoteatrlarında və məkanlarında paytaxt sakinləri, şəhərin qonaqları və ümumilikdə bütün kinosevərlər üçün film nümayişləri təşkil olunacaq.
Audiovizual sənayenin inkişafına istiqamətlənən bu tədbir Mədəniyyət Nazirliyinin “Yaradıcı Azərbaycan” layihəsi çərçivəsində həyata keçiriləcək.
“Baku Cinema Breeze” layihəsi bu payız Bakının mədəni həyatında əsas hadisə olmağı və təkcə kino mütəxəssislərinin diqqətini deyil, həm də sənətsevərlərin marağını cəlb etməyi hədəfləyir.
Festival barədə daha ətraflı məlumatı www.bakucinemabreeze.az saytında əldə etmək mümkündür.