Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov Antalyada keçirilən “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirləri çərçivəsində Akdeniz Universitetinin rektoru professor Özlenen Özkanla görüşüb.

Görüşdə Akdeniz Universitetində Azərbaycanşünaslıq Mərkəzinin yaradılması ilə bağlı müzakirə aparılıb, mərkəzin çoxfunksiyalı fəaliyyəti, o cümlədən burada ölkəmizə dair mini kitabxananın təşkili və s. məsələlər razılaşdırılıb.

AMM sözügedən mərkəzi texniki avadanlıqlarla təmin edəcək, birgə layihələr həyata keçirəcək. Burada Azərbaycan dili kursları da  təşkil olunacaq.

Qeyd edək ki, 24 fakültə üzrə 74 min tələbəsi olan Akdeniz Universitetində 600-dən çox azərbaycanlı təhsil alır. Azərbaycanşünaslıq Mərkəzi gələcəkdə universitetdəki azərbaycanlı tələbələrin dərnəklərinin fəaliyyətinə də dəstək olacaq.

***

AMM-in direktoru Samir Abbasov Antalyada “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirləri çərçivəsində Antalya Kitabxanasında da olub.

Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə inşa edilən və 2023-cü ildə açılışı olan Antalya Kitabxanası bu sahə üzrə regionunun ən böyük məkanına sahibdir. 1 milyon kitab fonduna və 2500 nəfərə xidmət göstərmək imkanlarına malik, müasir kitabxana-informasiya konseptinə uyğun qurulan kitabxana Akdeniz Universitetinin yaxınlığında yerləşir. Antalya şəhərində Kəpəz Bələdiyyəsi sisteminə aid edilən kitabxana 365 günü 24 saat fasiləsiz fəaliyyət göstərir.

Kitabxananın direktoru Oğuzhan Ceylanla görüşdə Azərbaycan kitabxanaları ilə əlaqələrin qurulması, qarşılıqlı səfərlərin təşkili, birgə layihələrin həyata keçirilməsi, Antalya kitabxanasında “Azərbaycan fondu”nun, “Türk dünyası guşəsi”nin yaradılması barədə söhbət açılıb.

Həmçinin kitabxanada “Azərbaycan günü”nün keçirilməsi, Azərbaycan yazarları ilə görüşlərin və onların əsərlərinin təqdimatlarının təşkili kimi məsələlər müzakirə olunub.

Sonda kitabxanaya Azərbaycan dövlətçiliyi, tarixi, mədəniyyəti və ədəbiyyatına dair Azərbaycan və türk dillərində nəşrlər hədiyyə edilib.