2026-cı ilin sonunadək 1 milyon vətəndaş istifadə edəcək
Azərbaycan Respublikasında şəxsiyyəti təsdiq edən sənədlərlə bağlı islahatlar ötən əsrin 90-cı illərinin sonlarında başlayıb. 2001-ci ilin sentyabrından sovetdən qalan pasportlar tarixə qovuşub, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi həyata keçirilib.
Zaman keçdikcə şəxsiyyət vəsiqələrinin də yeni dövrün çağırışlarına uyğunlaşması zəruridir.
2014-cü ildə dövlət başçısının sərəncamı ilə aidiyyəti qurumlara yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanması üçün müvafiq tədbirlər görülməsi və bu işin 2018-ci il sentyabrın 1-dək başa çatdırılmasını təmin etmək tapşırıldı.
Həmin tarixdən etibarən Azərbaycan vətəndaşlarına yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanıldı. Yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha üstündür. Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı (çip) yerləşdirilib. Yeni nəsil vəsiqələr digər ölkələrin müvafiq orqanları ilə biometrik informasiya mübadiləsinin tənzimlənməsində müstəsna əhəmiyyət kəsb edir.
İndi isə sırada rəqəmsal şəxsiyyət vəsiqələrinə keçid var. Artıq bununla da bağlı müvafiq dövlət qurumlarına tapşırıqlar verilib.
2026-cı ilin sonunadək Azərbaycanda 1 milyon vətəndaşın rəqəmsal (digital) şəxsiyyət vəsiqəsindən istifadə edəcəyi planlaşdırılır.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov bunu sentyabrın 4-də “Kağızsız Hökumət: Rəqəmsallaşma və innovasiyanın ətraf mühitə təsiri” adlı tədbirdə çıxış edərkən deyib.
Nazir müavininin sözlərinə görə, əhalinin 65 faizinin rəqəmsal vərdişlərinə yiyələnməsi əsas hədəflərdəndir. O cümlədən 2024-cü ilin sonunadək ölkədə bütün ev təsərrüfatlarını yüksəksürətli internetlə təmin etmək nəzərdə tutulub.
Milli Elektron Hökumət Platformasında hazırda 500-dək dövlət xidməti rəqəmsallaşdırılıb.
Bunu isə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədrinin müavini Rəşad Xalıqov deyib. Bildirib ki, “Hökumət buludu” (G-cloud) Milli Data Mərkəzi, elektron imza sistemləri var, bundan başqa, biometrik imza sistemi təşkil edilib. Vətəndaşlarımız elektron imza sistemi ilə müxtəlif dövlət qurumlarından məlumat əldə edə bilirlər.