Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, “Böyük Qayıdış” proqramı çərçivəsində Şuşa şəhəri də doğma sakinlərini qarşılamağa davam edir. Sentyabrın 5-də daha 30 ailə (102 nəfər) doğma yurduna qovuşub. Köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxanada, sanatoriyada, pioner düşərgəsində, yarımçıq tikililərdə və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Ailələrə şəhərdə yeni tikilən yaşayış kompleksindəki mənzillərinin açarları təqdim edilib.
Doğma yurda qayıdan şuşalılar hərtərəfli qayğı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən Vətən fədailərinə rəhmət, qazilərimizə şəfa diləyiblər.
Xatırladaq ki, Şuşaya keçmiş məcburi köçkünlərin ilk qayıdışı bu ilin 10 may tarixində gerçəkləşib. İndiyədək şəhərdə 177 ailənin (672 nəfər) daimi məskunlaşması təmin edilib.