İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) 2024-cü ildə üç şəhəri – Azərbaycanın Şuşa, Mərakeş Krallığının Marrakeş və Liviyanın Benqazi şəhərlərini “İslam dünyasının mədəniyyət paytaxtları” elan edib.

“İslam dünyasının mədəniyyət paytaxtları” proqramının bir hissəsi olaraq ICESCO bu ildən “Poeziya şəhərləri” mükafatı üçün müsabiqəyə də başlayır.

Təşkilatın mətbuat üçün məlumatında bildirilir ki, hər il keçiriləcək müsabiqə şairləri ölməz poeziya toplusu yaratmağa ruhlandırmaq, klassik şeir ənənələri ilə müasir poeziya arasında əlaqəni canlandırmaq və gücləndirmək məqsədi daşıyır. Bu müsabiqə, həmçinin şəhərlərin tarixini və coğrafiyasını poetik və estetik cəhətdən sənədləşdirmək, şeir vasitəsilə İslam dünyasının mədəniyyət paytaxtlarını tərənnüm edən simvolları və sivilizasiyaları daha geniş məkanda tanıtdırmaq, İslam dünyasındakı poetik korpusu zənginləşdirmək və ədəbiyyata töhfə vermək üçün təşkil olunur.

Müsabiqə üzrə İslam dünyasında “mədəniyyət paytaxtı” olan hər bir şəhərdən üç qalib  seçiləcək. Təqdim olunan şeirlər ICESCO-nun ixtisaslaşmış komitəsi və tanınmış şairlər tərəfindən qiymətləndiriləcək.

Birinci yerin qalibi 2000, ikinci yerin qalibi 1500, üçüncü yerin qalibi, təşəkkür sertifikatları ilə yanaşı, 1000 dollar alacaq. Bundan başqa, ICESCO müsabiqədə iştirak edən qaliblərin şeirlər toplusunu nəşr etdirəcək.

Mükafat üçün namizədlərin şeirləri klassik ərəb və ya Azərbaycan dilində olmalıdır. Ərəbcə şeir sərbəst və ya qafiyəli poetik ölçüyə, Azərbaycan dilində yazılmış şeir isə tələffüz və ya prosodik ölçüyə uyğun olmalıdır. Şair şeirin mövzusunu təşkil edən dəyərlərdən, estetikadan, tarixdən, coğrafiyadan, şəhərin tarixindən ilham almalıdır.

ICESCO bütün yaş qruplarından olan şairləri 2024-cü il dekabrın 31-dən gec olmayaraq https://icesco.org/9k90 linki vasitəsilə öz təkliflərini göndərməklə müsabiqəyə qatılmağa dəvət edib.