Akademik Milli Dram Teatrının tamaşası Sankt-Peterburq səhnəsində

 

Xəbər verdiyimiz kimi, 3-4 sentyabr tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində – Aleksandrinski Teatrında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının “İblis və...” tamaşasının premyerası  keçirilib. Bu, Azərbaycan teatr tarixində Aleksandrinski Teatrında premyerası olan ilk tamaşadır.

Sentyabrın 3-də tamaşanın nümayişindən əvvəl hər iki teatrın rəhbərliyinin iştirakı ilə mətbuat konfransı keçirilib.

Mətbuat konfransında Rusiya Milli Dram Teatrı – Aleksandrinski Teatrının prezidenti Rusiyanın Xalq artisti Valeri Fokin, teatrın direktoru Aleksandr Maliç, bədii rəhbəri Nikita Kobelev, Akademik Milli Dram Teatrının bədii rəhbəri Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə, teatrın direktoru Əməkdar mədəniyyət işçisi İlham Əsgərov çıxış ediblər.

Çıxışlarda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yeni tamaşasının ilk nümayişinin Aleksandrinski Beynəlxalq Teatr Festivalı çərçivəsində keçirilməsi əlamətdar hadisə kimi qiymətləndirilib, iki teatrın gələcək əməkdaşlığı ilə bağlı fikirlər səslənib.

Aleksandrinski Teatrına xatirə hədiyyəsi təqdim olunub.

Daha sonra tamaşa nümayiş olunub.

Azərbaycanın mütəfəkkir şairi və dramaturqu Hüseyn Cavidin “İblis” faciəsinin motivləri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Mehriban Ələkbərzadə, quruluşçu rəssamı İlham Əsgərov, geyim üzrə rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Həsənov, bəstəkarı Azər Hacıəsgərli, məsləhətçisi Əməkdar mədəniyyət işçisi Azər Turan, rejissor assistentləri Nərmin Həsənova və Ceyran Başarandır.

Rolları Ayşad Məmmədov və Anar Heybətov (İblis), Elnar Qarayev (İblisin varisi-1), Elşən Cəbrayılov (İblisin varisi-2), Ziya Ağa (Arif), Elsevər Rəhimov (Vasif), Vəfa Rzayeva (Rəna), Elçin Əfəndi (İbn Yəmin), Elşən Rüstəmov (Elxan), Kazım Abdullayev (İxtiyar şeyx), Lalə Süleymanova (Xavər), Vüsal Mustafayev (Vasifin dostu), Elçin Nurəliyev (Çavuş, Haydut) və Tural İbrahimov (Kanuni, Haydut) oynayırlar.

Rusiyalı sənətsevərlərlə yanaşı, çoxlu sayda azərbaycanlı diaspor nümayəndəsinin də izlədiyi səhnə əsəri alqışlarla qarşılanıb.

Qeyd edək ki, “İblis və...” tamaşasının nümayiş olunduğu iki gün ərzində Aleksandrinski Teatrının foyesində Akademik Milli Dram Teatrı ilə bağlı fotosərgi də nümayiş olunub. Sərgidə teatrın tarixi, yerləşdiyi binanın özəlliyi, məşhur rejissorları, aktyorları, teatr hadisələrinə çevrilmiş tamaşaları əksini tapıb.