Sentyabrın 7-də Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şamaxı şəhərinin Meysəri kəndində Üçüncü Üzüm və Şərab Festivalının açılışı olub.

Festivala gələnləri nəfəs alətləri orkestrı və animatorlar qarşılayıblar.

Festivalın açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və digər şəxslər iştirak ediblər.

Açılış mərasimində çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov bildirib ki, regionun turizm potensialı çox böyükdür. Vaxtilə yalnız aqrar region kimi tanınan Şamaxı bu gün həm aqroturizm, həm də turizmin digər bütün istiqamətlərində inkişaf edir: “Rayonumuzda aparılan çox böyük quruculuq işlərinə, həmçinin inkişafa görə Prezidentimizə bütün əhalimiz adından dərin minnətdarlığımızı bildirirəm. Bugünkü tədbir turizm sahəsinin inkişaf modelinin bir tərkib hissəsidir”.

Tahir Məmmədov qeyd edib ki, hazırda bölgədə turizm istiqamətində ən başlıca faktor yerli və xarici turistlərin məmnunluğuna səbəb olan ümumi yeni inkişaf konsepsiyası, yeni modelin həyata keçirilməsidir: “Bu baxımdan Şamaxı şəhərinin ənənələri çox vacib yer tutur. Şamaxının poeziyası, musiqisi, xalçaçılığı, qədim tarixi abidələri, turistlərə çox yüksək səviyyədə təqdim olunmaq üçün hazırlanan bu konsert – bütün bu yeni model indi və gələn il şahidi olacağınız bir çox yeni layihələrlə sizin qarşınıza çıxacaq”.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə deyib ki, bu festival artıq turizm təqvimində öz yerini tutub: “Azərbaycanın bəlkə də ən peşəkar, ən dadlı, ən şən festivalıdır. Biz düşünürük ki, festivalın miqyası ildən-ilə genişlənəcək, bəlkə də beynəlxalq xarakter daşıyacaq. Azərbaycan şərabçılığının ənənələri çox qədim və zəngindir. Hazırda Azərbaycan şərabçılığı yeni mərhələni yaşayır. Dövlət Turizm Agentliyi olaraq şərabçılığın təbliğində hər zaman maraqlıyıq ki, həm yerli, həm də xarici turistlər Azərbaycanın rəngarəngliyini hər zaman bilsinlər.

Festivalın ilk günü üçün dörd mindən çox iştirakçı ilkin olaraq rezervasiya etdirmişdi. Əlbəttə ki, sabah festival davam edəcək və iştirakçıların sayı daha çox olacaq. Ümumiyyətlə, festival iştirakçılarının sayı ildən-ilə bu say artır”.

İki ildir ki, bu festivalda işğaldan azad edilmiş ərazilərimizin də təmsil olunduğunu qeyd edən Kənan Quluzadə Tuğ kəndi və digər yerlərdən şərablar gətirildiyini bildirib.

“Hamınızı stendlərə, xüsusi olaraq Qarabağın autentik şərabını dadmağa dəvət edirəm. Digər 23 evin də qonağı olmalısınız.

Azərbaycanda əsas iki turizm marşrutu - şimal və qərb dəhlizi üzrə turizm şərab marşrutları yaradılıb. Azərbaycanın şərab marşrutu qonşu Gürcüstan və Rusiyanın cənub hissəsini əhatə edərək Avropanın ən uğurlu şərab marşrutlarından birinə çevrilib. Bizim uğurlarımız ildən-ilə artır. Düşünürəm ki, siz hazırda sözdən zövq almağa deyil, daha çox şərabdan zövq almağa toplaşmısınız. Odur ki, badələriniz dolu olsun”, - deyə Kənan Quluzadə vurğulayıb.

Qeyd edək ki, festivalın keçirilməsinin məqsədi yerli üzüm və şərab istehsalını təşviq etmək, şərab məhsullarının ixrac potensialını artırmaq, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılmasıdır.

Festival ərazisində sərgi, əyləncə, müxtəlif master-klas zonaları və tanınmış restoranların pavilyonları quraşdırılıb, 23 şərab evinin iştirakı təmin olunub. Həmçinin festival çərçivəsində musiqili proqram və müxtəlif əyləncələr təqdim edilir.

Ziyarətçilər yerli və xarici istehsalçıların şərab məhsullarını dada və bəyəndikləri məhsulları ala bilirlər.

Festivalda şərab istehsalçıları, şərabçılıq turizmi ilə məşğul olan sənaye üzvləri, rəsmi və media nümayəndələri daxil olmaqla, şərab həvəskarları aktiv formada iştirak edirlər.

Dövlət Turizm Agentliyi tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınan yerli üzüm sortlarının və şərab növlərinin mövcudluğu nəzərə alınaraq şərabçılıq turizminin beynəlxalq səviyyədə təbliğatı aparılır. Ölkəmizdə qərb, şimal və şimal-qərb turizm marşrutları üzrə, o cümlədən Xocavənd rayonunun Tuğ qəsəbəsində mövcud qədim şərabçılıq ənənələrinin yaşadılması və turizm məqsədli istifadəsi əsas inkişaf istiqamətləri sırasındadır.

Həmçinin Azərbaycan 20 ölkənin şərabçılıq marşrutunu özündə birləşdirən, Avropa Şurası və Avropa Mədəni Marşrutlar İnstitutu tərəfindən şərab irsi və şərabçılıq turizmini, eləcə də dayanıqlı turizm növlərini təşviq etmək məqsədini yaradılmış “İter Vitis” maddi və qeyri-maddi şərabçılıq mədəni marşrutunun üzvüdür.

Qeyd edək ki, festival sentyabrın 8-də başa çatacaq.