Almaniyanın Yustus Libix Universitetinin (Gissen şəhəri) iki tələbəsi Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda təcrübə keçib. Onlar təcrübə müddətində Samur-Yalama Milli Parkı, Hirkan Milli Parkı, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi və digər məkanlarda ekskursiyada olublar.

Tələbələrin gəzib gördükləri son məkanlar Palçıq Vulkanları Dövlət Təbiət Qoruğu, Qobustan Milli Tarix-Bədii Qoruğu və Böyükşor gölü olub.

Coğrafiya İnstitutunun kiçik elmi işçisi Bəyimxanım Hüseynovanın və elmi işçi Nicat İmamverdiyevin müşayiəti ilə gerçəkləşən ekskursiya zamanı Azərbaycanın ən böyük Torağay palçıq vulkanı və qoruq ərazisində yerləşən aktiv kiçik palçıq vulkanları barədə məlumat verilib. Qoruq bələdçisi tələbələrə palçıq vulkanlarının müalicə turizmi məqsədilə istifadə olunmasından da söz açıb.

Almaniyadan gələn tələbələr Qobustan Milli Tarix-Bədii Qoruğu, ərazidəki qədim qayaüstü rəsmlər, “Qavaldaş” və digər tarixi nümunələrlə də maraqla tanış olublar.

Abşeron yarımadasındakı ən böyük su səthi olan Böyükşor gölünə baş çəkən qonaqlara gölün ekoloji vəziyyəti, bərpası və mühafizəsi sahəsində görülən işlər haqqında geniş məlumat verilib.