XIX əsrin ikinci yarısında Şirvan ədəbi mühitinin tanınmış imzaları arasında görkəmli şair Ağaəli bəy Naseh də olub. Şair Şamaxıda fəaliyyət göstərən “Beytüs-səfa” ədəbi məclisində fəal iştirak edib, dövrünün tanınmış şair, mütəfəkkir və maarifçiləri ilə dostluq münasibətləri qurub.
Ağaəli bəy Hacı Məhəmməd oğlu Əfəndizadə 10 sentyabr 1856-cı ildə şairlər yurdu Şamaxıda anadan olub. İlk təhsilini “Üsuli-cədid” (yeni üsullu) məktəbində alır, fars və ərəb dillərini öyrənir. Sonra şəhər məktəbində təhsilini davam etdirir və rus dilini də yaxşı öyrənməyə başlayır. Qəflətən atası vəfat edir. Ehtiyac üzündən təhsilini davam etdirə bilmir. Bir müddət Kürdəmirdə, sonralar isə Şamaxıda məhkəmə dilmancı vəzifəsində çalışır. Eyni zamanda mütaliəsini artırır, xarici dil bilgilərini dərinləşdirir. Beləliklə, məhkəmədə katib vəzifəsinə irəli çəkilir.
Ağaəli bəy Naseh (naseh – nəsihət verən, öyüdçü) erkən yaşlarından poeziyaya maraq göstərir. Doqquz yaşında ikən nəzmlə məktub yazır. Görkəmli maarifçi Camo Cəbrayılbəyli “Xatirələrim” kitabında ondan bəhs edərək yazır: “Ərəb və farsca biliyi o dərəcədə idi ki, istər ərəbcə, istərsə də farsca kitablara göz gəzdirib hekayə kimi nəql edərdi. Şeirlərini Sabir, Səhhət, Tərrah, Hacı İsmayıl Veysov və yaxın qohumları şeir məclislərində oxuyurdu. Firidun bəy Köçərli ilə yazışaraq öz əsərlərini ona göndərirdi. Əvvəl-əvvəl Köçərliyə kim olduğunu söyləmir. Nasehin şeirləri haqqında onun rəyini soruşur. Köçərlinin məktubunun birində “Nasehin şeirləri filhəqiqət qüvvətlidir və xoşuma gəldi” yazmasını şəxsən özüm 1912-ci ildə oxumuşam. Səhhət, Sabir, Tərrah da öz şeirlərini Köçərliyə Naseh vasitəsilə göndərir. Ancaq çox utancaq və başıaşağı bir adam olduğu üçün yazdıqlarını hələ-hələ meydana çıxarmazdı. Yalnız ən yaxın adamlar üçün oxuyardı...”.
1903-cü ildə F.Köçərlinin “Azərbaycan türklərinin ədəbiyyatı” adlı kitabı Tiflisdə nəşr olunur. Kitab ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanır. “Tiflisski listok” qəzetində kitabla bağlı yazı dərc edilir. Firidun bəy bir çox tanınmış şairlərin əlyazmalarını alır. Şamaxıdan Ağaəli bəy Əfəndizadə Şirvan şairlərinin xeyli əlyazma şeirini ona göndərir. Firidun bəy həmin şeirlər içərisindən ən çox Nasehin qəzəllərini bəyənir. Sonra Ağaəli bəyə bir məktub yazır. Rica edir ki, mümkünsə yeni kitabına daxil etmək üçün “Naseh” təxəllüslü şairin qəzəllərindən bir neçəsini də göndərsin. Firidun bəy bir neçə gündən sonra Abbas Səhhətdən bir məktub alır. Səhhət yazır ki, şeirlərini “Naseh” təxəllüsü ilə sizə göndərən şair Ağaəli Əfəndizadədir. O, utancaq və təvazökar olduğu üçün sizə özü barədə məlumat verməyib.
Sonralar F.Köçərli “Azərbaycan ədəbiyyatı” əsərinin “Şirvan şairləri” fəslində Ağaəli bəy Nasehi hörmətlə yad edir: “Ağaəli bəy Nasehin şeirləri qayət dərəcədə gözəldir. O şəxsin özü isə farsca, rusca savadlı bir şəxsdir. Hətta ərəbcəni də yaxşı bilir. Xüsusən Ağaəli bəy Nasehin haqqı bizim boynumuzda artıq dərəcədədir. Şamaxı şüərasının tərcümeyi-hallarına dair bir çox məlumat bizə cəm edib göndərmişdir. Bu barədə ol cənaba səmimi-qəlbdən razılıq izhar edir, cənabi-həqqdən xoşbəxtlik və tul ömür mərhəmət olmasını təmənna edirik”.
Naseh gənc ikən Şamaxıdakı “Beytüs-səfa” şairlər məclisinin fəal iştirakçısı olur. Məhəmməd Səfa, Ələkbər Qafil, Qafar Raqib, Molla Ağa Bixud, Ağababa Zühuri, Mirzə Mahmud Zui, Mirzə Məhəmmədhəsən Nalə, Salik Şirvani kimi klassik üslubda yazan şairlərlə münasibətlər qurur. Ən yaxın dostları isə Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Məhəmməd Tərrah və Məhəmməd Hadi olub. Məclislərdə oxunan şeirlərə ən düzgün qiyməti Naseh verdiyi üçün dostları onu öz aralarında “Mizanüşşüəra” (şairlərə qiymət verən ən düzgün tərəzi) adlandırırlar.
Araşdırmalarda göstərilir ki, Ağaəli bəy Naseh Seyid Əzim Şirvanidən sonra Şamaxıda şairlər məclisinin rəhbəri olur. Onun məsləhəti ilə Abbas Səhhət rus dilini öyrənməyə səy göstərir. Rus dilində aydın olmayan cümlələr və kəlmələrin izahı haqqında Nasehə müraciət edir. O isə hər bir sözün həqiqi və məcazi mənasını cümlə içərisində konkret misalla izah edir. Çox sonra Abbas Səhhət də bu yaxşılıqları unutmur. 1912-ci ildə məslək dostuna “Naseh” adlı gözəl bir şeir həsr edir...
Ağaəli bəy Nasehin günümüzə qədər gəlib çıxan əsərlərinin içərisində Xurşidbanu Natəvanın eyniadlı məşhur qəzəlinə nəzirə olaraq yazdığı “Ölürəm” rədifli qəzəli diqqəti cəlb edir:
Varımdı sinədə dərdü qəmi-nihan, ölürəm,
Bu sirri eyləmədim kimsəyə bəyan, ölürəm.
Bacardığımca qəmi-eşqi gizlədim, axır
Kəsildi taqətü səbrü qərari-can, ölürəm.
Açılmamış gül idim gülşəni-nəzakətdə,
Bahari-ömrümü eşq eylədi xəzan, ölürəm.
Ümid idim çəkərəm dərdi-eşqi Nasehtək,
Qırıldı rişteyi-ümmid nagəhan, ölürəm.
Naseh uzun müddət Şamaxı divanxanasında katib işləyib. Ancaq aldığı məvacib altınəfərlik ailəni dolandırmaq üçün yetmədiyinə görə həm də həbsxanada mirzəliklə məşğul olub.
1911-ci ildə Jurpanski adlı rus məmuru Şamaxıya qəza rəisi təyin olunur. Onun divanxana rəisi Kolomentyev azərbaycanlıları çox incidir və vəzifələrindən uzaqlaşdırır. Rus məmurlarından çox haqsızlıqlar görən 55 yaşlı Naseh də işdən çıxarılır. Şair bir müxəmməsində dövrün haqsızlıqlarını və dünya işlərini nadanların idarə etdiyini yana-yana qələmə alır:
Basıb aləmləri bidadü ədalət yoxdur,
Qövllər kizb, əməl ləğv, sədaqət yoxdur,
Həsədü büğzdən özgə dəxi adət yoxdur,
Hiç bir kəsdə vəfa, sidqü dəyanət yoxdur,
Nasəza föhşü iza, qeybətü böhtan görürəm...
Camo Cəbrayılbəyli xatirələr kitabında yazır ki, Naseh bir dəfə işdən çox əsəbi gəldi. Bildirdi ki, bu qulluq adamı lap inək edərmiş. Vicdansız Kolomentyevin üzünə tüpürüb istefa ərizəmi verdim. Həqarətdən qurtardım, başqa çarəm yox idi.
Çox keçmir, Naseh xəstələnir və yatağa düşür, 1914-cü ildə vəfat edir.
Ağaəli bəy Nasehin günümüzə gəlib çıxan bir neçə şeir, qəzəl və müxəmməsləri var. Əsərlərinin bir qismi 1902-ci ildə Şamaxı zəlzələsində və 1918-ci ildə ermənilər Şamaxını yandırıb talan edəndə it-bata düşüb.
Savalan Fərəcov