Türk dünyasının ortaq əlifbası məsələsi isə hələ uzun prosesdir
Sentyabrın 9-da Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının üçüncü iclası işə başlayıb.
İclasda çıxış edən Türk Akademiyasının (mənzil-qərargahı Astanada yerləşir) prezidenti Şahin Mustafayev diqqətə çatdırıb ki, 2022-ci ilin oktyabrında Türkiyənin Bursa şəhərində keçirilən seminarda Türk Dünyası Ortaq Əlifba Komissiyasının yaradılması qərarı Türk Dövlətləri Təşkilatına (TDT) təqdim edilib. “Əsas məqsədimiz ortaq əlifba yaratmaqdır. Türk dünyasının dövlət başçıları bizdən hazır əlifba gözləyirlər”, – deyə o bildirib.
Ş.Mustafayevin sözlərinə görə, türk ölkələri və xalqları vahid əlifbaya keçid məsələsində artıq ciddi akademik irəliləyiş əldə ediblər, lakin siyasi qərarların qəbulu müəyyən vaxt apara bilər: “Bugünkü iclasda Türk dünyası ortaq əlifbasının 14 hərfi təsdiq olundu. Ümid edirik ki, tezliklə Türk dünyasının ortaq əlifbasının bütün hərfləri razılaşdırılacaq və təsdiq olunacaq”.
Bəzi ekspertlər lap əvvəldən Türk dünyası ortaq əlifbasının yaradılması məsələsinə siyasi nöqteyi-nəzərdən yanaşmağa çalışırlar. Amma hesab edirəm ki, bu, belə deyil. Biz Türk dünyası üçün ortaq əlifbanın elmi səviyyədə yaradılmasının tərəfdarıyıq.
Bunu isə Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov deyib.
Türk dillərinin qrammatikası, o cümlədən fonetik özəllikləri barədə fikirlərini bölüşən akademik bildirib ki, bəzən bir fonem 3-4 səsdən fərqlənir və təbii olaraq, bu səslərin hər birinin gələcəkdə öz fonetik rolu olacaq: Məsələn, Azərbaycan dilində bizdə “çı”, “çi”, “çu” kimi şəkilçilər var ki, onları ayırd etmək üçün fonemlərdən istifadə edilir. Fonetik cəhətdən də fərqlənən “lük”, “lik”, “luk”, “lık” kimi şəkilçilər də var. Lakin biz bu samit və saitləri ayrı-ayrı fonemlər hesab edə bilmərik. Fonetikada biz onları qapalı fonemlər hesab edirik. Ancaq məsələn, türk dillərində adətən çox vacib olan kar samitləri müəyyən etməkdə çətinliklər mövcuddur. Özbək dilində kar samitlərin böyük tarixi əhəmiyyəti var.
“Çox səslər var, lakin onları təmsil edən fonemlər olduqca azdır. Məhz bunun üçün biz bu səslər üçün ayrıca fonemlər yaratmalıyıq”, – deyə Nizami Cəfərov əlavə edib.
Türk Dilçilik Cəmiyyətinin prezidenti Osman Mert iclasın əhəmiyyətindən bəhs edərək deyib ki, ortaq əlifbaya addım-addım yaxınlaşmaq lazımdır.
O bildirib ki, Türkiyə, Azərbaycan, Özbəkistan və Türkmənistan artıq latın əlifbasından istifadə edir. İndi növbə Qazaxıstan və Qırğızıstanındır.
Türk Dilçilik Cəmiyyətinin rəhbəri qeyd edib ki, Qazaxıstanın latın əlifbasına keçməsi 2025-ci ilə qədər baş verə bilər. Ondan bir il sonra birinci Türk Qurultayının 100 illiyi tamam olacaq. Türk dünyasının ortaq əlifbası layihəsini 2026-cı ilə qədər başa çatdırmağı nəzərdə tuturuq.
“Tarix bizim üzərimizə bu məsuliyyəti qoyub və daha qətiyyətli olmalıyıq. Hazırda türk dövlətləri arasında yaxınlaşma var. Ortaq türk əlifbası yaradaq və bununla da adlarımızı tarixə yazaq”, – deyə Türk Dilçilik Cəmiyyətinin rəhbəri əlavə edib.
***
2022-ci ildə Qazaxıstanın Nur-Sultan şəhərində Beynəlxalq Türk Akademiyası Elmi Şurasının V iclasında Türk dünyasının ümumi dərslikləri – “Ümumi türk tarixi”, “Ümumi türk ədəbiyyatı” və “Türk dünyasının coğrafiyası” kitabları haqqında qərar qəbul olunub. Qardaş ölkələr arasında təhsil sahəsində əməkdaşlığın inkişafına yönəlmiş bu dərsliklər Türk Dövlətləri Təşkilatının zirvə görüşündə verilən tapşırıqlara uyğun olaraq hazırlanıb.
Bu barədə iclasda çıxışı zamanı elm və təhsil naziri Emin Əmrullayev məlumat verib. O qeyd edib ki, 2021-ci ildə İstanbulda Elmi Şuranın IV iclasında Türkiyənin təşəbbüsü ilə dərslik mətnlərinin təsdiqi ilə bağlı ekspertlərin iclası olub və bu toplantıda sözügedən hər üç dərsliyin mətnləri təsdiq edilib.
Nazir bildirib ki, XV əsrə qədər dövrü əks etdirən “Ümumi türk tarixi” dərsliyi yeddi bölmədən ibarətdir və türk xalqlarının tarixini müfəssəl şəkildə ortaya qoyur. “Türk dünyasının coğrafiyası” dərsliyinin məzmunu bütövlükdə Türk dünyasının coğrafi mənzərəsinin formalaşdırılmasına, türklərin coğrafi anlayış və ideyalarının, eləcə də müstəqil türk ölkələrinin coğrafiyasının öyrənilməsinə yönəlib. “Ümumi türk ədəbiyyatı” dərsliyi şagirdlərdə milli ədəbiyyat tarixinə əsaslanan ümumi türk ədəbiyyatı və mədəni dəyərlər haqqında təsəvvür yaratmaq məqsədi daşıyır.
Ötən ildən Azərbaycan, Qazaxıstan və Türkiyədə 8-ci sinif şagirdləri üçün “Ümumi türk tarixi”nin seçmə proqram kimi tədris olunduğunu deyən Emin Əmrullayev əlavə edib ki, 2024–2025-ci tədris ilində Azərbaycan məktəblərində şagirdlərə “Ümumi türk ədəbiyyatı” və “Ümumi türk coğrafiyası” kitabları tədris olunacaq.
Türk Dünyası Ortaq Əlifba Komissiyasının üçüncü iclası sentyabrın 10-da işini davam etdirib.