Gədəbəy Aşıq Məktəbinin fəaliyyətə başlamasının 10 ili tamam olur. Məktəbin binasının təməli 26 may 2009-cu ildə Prezident İlham Əliyev tərəfindən qoyulub. Dövlətimizin başçısı 10 sentyabr 2013-cü ildə məktəbin açılış mərasimində çıxış edib, Azərbaycanda aşıq sənətinin tədrisi üzrə ilk məktəbin fəaliyyətinə uğurlar arzulayıb.
Məktəb 2014-cü ildə qapılarını şagirdlərin üzünə açıb. Ötən on ildə burada beynəlxalq, respublika və rayon səviyyəli 200-dən çox tədbir keçirilib. Bu sırada II Beynəlxalq Aşıqlar Festivalı (2014) çərçivəsində konsert, Aşıq Ələsgər, aşıq sənətinə mühüm töhfələri olmuş şair İlyas Tapdıq, Aşıq Şəmşir, aşıq Vəli Miskinli, aşıq, balaban ifaçısı Sərdar Məmmədli və başqa sənətkarların yubileylərini qeyd etmək olar. Aşıq sənətinin tədqiqatçısı, professor İradə Köçərli, Aşıq Ələsgər haqqında telefilmin rejissoru, Əməkdar incəsənət xadimi Nizami Abbas, Əməkdar mədəniyyət işçiləri aşıq Sayad Pənahov, balaban ifaçısı Həsən Sarıyev, aşıqlar Sədaqət Rəsulov, Dəmir Vəliyev və başqaları ilə görüşlər təşkil olunub.
Məktəbdə Mədəniyyət Nazirliyinin dəstəyi ilə ixtisasartırma dərsləri (sertifikasiya), Prezident təqaüdçüsü, Əməkdar mədəniyyət işçiləri aşıq Ulduz Quliyevanın, aşıq İmanverdi Mustafayevin, Cənubi Azərbaycandan aşıq Cavad Məhərrəminin, balaban ifaçısı Nizami Abbasovun ustad dərsləri keçirilib.
Gədəbəy Aşıq Məktəbinin təşkilatçılığı ilə 2016-cı və 2017-ci illərdə yeniyetmə və gənc aşıqların müsabiqəsi də keçirilib. 2017-ci ildə təşkil olunan müsabiqədə Gədəbəylə yanaşı, Gəncə şəhəri, Şəmkir, Qazax, Ağstafa, Tovuz, Kəlbəcər və Daşkəsən rayonlarından da nümayəndələr iştirak ediblər. 70-dək ifaçı sırasından qaliblər seçilib.
Ötən dövrdə məktəb Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil edilmiş “Bölgələrdən paytaxta” silsilə tədbirlərində, Şəmkirdə reallaşan “Yeniyetmələrin oxu ifaçılığı” müsabiqəsində, “Heydər Əliyev İli” münasibətilə uşaq və yeniyetmələr arasında keçirilən respublika müsabiqəsində, Milli Yaylaq Festivalında, Aşıq Şəmşirin 125 illik yubileyində və digər tədbir və layihələrdə fəal iştirak edib, müxtəlif qurumlar tərəfindən diplom, təşəkkürnamə və digər təltiflərə layiq görülüb.
Təhsil ocağında folklor ansamblı, dastan heyəti, xalq çalğı alətləri ansamblı və “Bayatı” qrupu, həmçinin “Miskin Abdal ədəbi məclisi”, Gədəbəyin tanınmış ziyalıları haqqında məlumatlardan tərtib edilmiş “Örnək bilgi dərgisi” yaradılıb.
2018-ci ildə məktəbin dörd müəllimi Azərbaycan aşıqlarının VI qurultayında iştirak edib.
Məktəbin Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzi, Azərbaycan Aşıqlar Birliyi, AMEA-nın Folklor İnstitutu ayrı-ayrı aşıq və balaban ifaçıları ilə əlaqələri qurulub. Təhsil müəssisəsində aşıq sənətinin tədrisi ilə bağlı metodik vəsait və aşıq sənətinin tarixi fənni üzrə tədris proqramı vəsaiti hazırlanıb.
Məktəbin fəaliyyəti, aşıq sənətində oxu və çalğı ifaçılığı, folklorda aşıq sənəti və s. mövzularda, saz-söz sənətkarları ilə bağlı keçirilən tədbirlər müxtəlif media orqanlarında işıqlandırılıb.
Hər il məzunlarımız Mədəniyyət və İncəsənət Universiteti, Milli Konservatoriya və orta ixtisas musiqi təhsili ocaqlarına qəbul olunurlar.