Şah İsmayıl Xətaiyə həsr edilmiş beynəlxalq konfransın iştirakçıları Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət ediblər.

Türkiyəli alimlər – Ankara Hacı Bayram Vəli Universitetinin Lisansüstü Təhsil İnstitutunun “Ədəb-ərkan” elmi jurnalının rəhbəri professor Əhməd Taşğın, jurnalın əməkdaşı Hakkı Taşğın, Kastamonu Universiteti əməkdaşı professor Namiq Musalı, Munzur Universitetinin (Tunceli) professoru Əziz Ərdoğan, Atatürk Universitetinin professoru Ali Sinan Bilgili, eləcə də Vyana Universiteti Pedaqoji Təhsil Kollecindən doktor Erdal Kalaycı və Nurten Kalaycı muzeylə tanış olublar.

Muzeyin direktoru akademik Rafael Hüseynov qonaqlarla görüşüb. Alim və tədqiqatçılarla beynəlxalq konfransla bağlı fikir mübadiləsi aparılıb.

Rafael Hüseynov qonaqlara muzeyin “İstiqlal zalı”nın tarixindən söz açıb, 2017-ci ildə bu tarixi məkanda görkəmli dövlət xadimi, sərkərdə və şair Şah İsmayıl Xətainin 530 illik yubileyi ilə bağlı “Xətainin qılıncı və qələmi” mövzusunda respublika konfransı keçirildiyini qeyd edib.

Muzeyin əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Nərmin Əliyeva qonaqları ekspozisiya ilə tanış edib, o cümlədən Xətainin həyat və yaradıcılığına həsr olunmuş guşədən ətraflı bəhs edib.

Xatırladaq ki, I Beynəlxalq Şah İsmayıl Xətai konfransı ötən həftə AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu və Türkiyənin Hacettepe Universitetinin təşkilatçılığı ilə keçirilib. Tədbirə Türkiyə, Qazaxıstan, Özbəkistan, Avstriya, Böyük Britaniya və İrandan tədqiqatçılar qatılıb.