Olaylar, faktlar (12 – 13 sentyabr)
301 il əvvəl...
12 sentyabr 1723-cü ildə çar Rusiyası ilə Səfəvi dövləti arasında Peterburq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Azərbaycanın Xəzəryanı əraziləri (Dərbənddən Ənzəliyədək) Rusiyanın nəzarətinə verilib. Həmin dövrdə Osmanlı ilə müharibə aparan Səfəvi dövləti üçün bu saziş taktiki səciyyə daşıyırdı. Lakin Rusiya ona umduğu dəstəyi vermədi, əksinə, 1724-cü ildə Osmanlı ilə də müqavilə bağladı. Səfəvi dövləti Rusiyanın nəzarətinə verdiyi torpaqları 1732–1735-ci illərdə geri qaytara bildi.
223 il əvvəl...
12 sentyabr 1801-ci ildə çar I Aleksandr Şərqi Gürcüstanın Rusiyaya birləşdirilməsi haqqında manifest imzalayıb. Manifestlə Azərbaycanın tarixi torpaqları olan Şəmsəddil, Borçalı əraziləri də Rusiyanın tərkibinə qatılıb.
198 il əvvəl...
13 sentyabr 1826-cı ildə İkinci Rusiya-İran müharibəsinin (1826–1828) gedişinə əhəmiyyətli təsir edən Gəncə döyüşü olub. İran qoşunlarının ağır məğlubiyyətə uğraması müharibənin taleyini faktiki olaraq həll edib. Bundan əvvəl (3 sentyabr) şahzadə Abbas Mirzənin qoşunları Şəmkir döyüşündə də ruslara məğlub olmuşdu. Ardınca Rusiya qoşunlarının Naxçıvan və İrəvan xanlıqları üzərinə hücumları başlanıb.
44 il əvvəl...
12 sentyabr 1980-ci ildə Türkiyədə dövlət çevrilişi olub, general Kənan Evrenin başçılıq etdiyi hərbçilər hakimiyyəti ələ alıblar. Dövlət çevrilişinin səbəbləri sosial-iqtisadi böhran, siyasi qüvvələrin, xüsusilə də sol-sağ qarşıdurmasının ölkəni vətəndaş müharibəsinə sürükləməsi idi. Çevrilişdən sonra ölkədə bütün partiyaların, müstəqil medianın fəaliyyəti dayandırılıb. 1982-ci ildə referendum yolu ilə ölkənin yeni Ana Yasası qəbul edildi, Kənan Evren prezident seçildi. Nyu-Yorkda Dünya Bankında çalışan Turqut Özal isə baş nazir vəzifəsinə dəvət olundu.
27 il əvvəl...
13 sentyabr 1997-ci ildə Prezident Heydər Əliyev Azərbaycan Respublikasında gənc istedadlar üçün xüsusi aylıq təqaüdün təsis edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı” da təsis olunub.
Hazırladı: V.Orxan