Keçmiş SSRİ və indiki postsovet teleməkanı üzrə ən məşhur aparıcılardan biri sayılan, “KVN”-in (Şən və Hazırcavablar Klubu – ŞHK) 60 ilə yaxın əsas siması olmuş  Aleksandr Maslyakov sentyabrın 8-də, ömrünün 83-cü ilində vəfat edib.

“Maslyakov ŞHK hərəkatının bütün iştirakçıları və milyonlarla tamaşaçı üçün əfsanə olub və əbədi olaraq belə qalacaq. O, 1964-cü ildən ŞHK-nın aparıcısı olub, Rusiyada və xaricdə yumor, satira simvoluna çevrilib” – bu sözlər klubun sosial şəbəkə səhifəsində yayılan başsağlığı paylaşımında yer alıb.

Aleksandr Maslyakov 1941-ci il noyabrın 24-də anadan olub. 1964-cü ildə tələbə ikən Mərkəzi Televiziyada (Gənclər üçün proqram baş redaksiyası) işləməyə başlayıb. O, “KVN” televiziya verilişindən savayı Mərkəzi Televiziyada “Şən uşaqlar”, “Haydı, qızlar”, “Nə? Harada? Nə vaxt?”, “12-ci mərtəbə” və s. populyar verilişlərin aparıcısı olub.

1994-cü ildə “Rusiyanın Əməkdar incəsənət xadimi” adına layiq görülən A.Maslyakov “AMiK” (“Aleksandr Maslyakov və kompaniya”) televiziya yaradıcılıq birliyinin təsisçisi və əsas səhmdarı idi.  2023-cü ildə səhhətindəki problemlərlə bağlı televiziyadan faktiki uzaqlaşmışdı.