Beynəlxalq festivalda 10-dan çox ölkədən ifaçı və kollektivlər iştirak edəcək

 

18 sentyabr Azərbaycanın dahi bəstəkarı, peşəkar musiqi sənətimizin banisi, musiqişünas-alim, pedaqoq, ictimai xadim Üzeyir Hacıbəylinin (1885-1948) anadan olduğu gündür. Ümummilli lider Heydər Əliyevin Üzeyir bəyin 110 illiyi münasibətilə 1995-ci ildə imzaladığı fərmana əsasən, böyük bəstəkarın doğum günü ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Hər il bu münasibətlə silsilə tədbirlər keçirilir. Bu tədbirlərin ən yaddaqalanı isə, sözsüz ki, 2009-cu ildən ənənəvi təşkil olunan, Üzeyir bəyin adını daşıyan beynəlxalq musiqi festivalıdır.

18-28 sentyabr tarixlərində Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən festivalın, hər zaman olduğu kimi, bu il də iştirakçı coğrafiyası genişdir. Azərbaycanla yanaşı, ABŞ, Rusiya, Almaniya, İspaniya, Avstriya, Xorvatiya, Koreya, Türkiyə, Braziliya, Hindistan və digər ölkələrdən tanınmış musiqiçi və kollektivlər festivala qatılacaqlar.

Festival çərçivəsində Bakı ilə yanaşı, Şuşa, Gəncə və bir sıra şəhərlərdə açıq və qapalı məkanlarda konsertlər, tamaşalar, sərgilər, elmi konfrans və ustad dərsləri təqdim ediləcək.

Festival günlərində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təqdimatında “Mədəniyyətimiz naxışların izi ilə” adlı sərgi keçiriləcək.

Sentyabrın 18-də saat 10:30-da Azərbaycan Milli Konservatoriyasında Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş tədbir təşkil ediləcək. Milli Musiqi Günü tədbiri saat 12:00-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında davam edəcək. Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestri və Azərbaycan Dövlət Xor Kapellası çıxış edəcək. Üzeyir Hacıbəylinin Ev-Muzeyində də (saat 14:00) dahi bəstəkara həsr edilmiş ədəbi-musiqili tədbir olacaq.

Axşam saat 19:00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi keçiriləcək.

Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor: Əməkdar artist Fuad İbrahimov) və Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər və baş dirijor: Xalq artisti Gülbacı İmanova) çıxış edəcək. Gecədə solistlər Xalq artisti Ülviyyə Hacıbəyova (piano), Əməkdar artistlər Ramil Qasımov (tenor) İnarə Babayeva (soprano) və beynəlxalq müsabiqələr laureatı Mahir Tağızadə (bariton) ifalarını təqdim edəcəklər.

Rəngarəng proqramı olan festivalın, demək olar ki, hər günü maraqlı tədbirlərlə yadda qalacaq. Üzeyir bəyin ata yurdu Şuşada da musiqisevərlərə əsl bayram havası yaşadılacaq. Sentyabrın 19-da saat 15:00-da dahi musiqi xadiminin heykəli qarşısında mədəniyyət paytaxtımızın daha bir sənətkar yetirməsi, görkəmli bəstəkar, dirijor və pedaqoq, Dövlət mükafatı laureatı, Xalq artisti Süleyman Ələsgərovun (1924-2000) 100 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək. Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri (bədii rəhbər və baş dirijor: Xalq artisti Ağaverdi Paşayev) sənətsevərlərin könlünü oxşayacaq.

Sentyabrın 21-də saat 16:00-da Şuşada açıq havada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında Ü.Hacıbəylinin “Leyli və Məcnun” operası nümayiş etdiriləcək.

Sentyabrın 23-də saat 19:00-da Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Xalq artisti Ramiz Mirişlinin (1934-2015) 90 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək.

Həmin gün Bakı Kitab Mərkəzində tanınmış pianoçu, pedaqoq, Əməkdar incəsənət xadimi Elmira Səfərovanın (1934-1997) 90 illiyinə həsr olunmuş xatirə axşamı təşkil ediləcək.

Festival çərçivəsində həmçinin bütün ölkə üzrə Heydər Əliyev mərkəzləri və kinoteatrlarda Üzeyir bəyin əsərləri əsasında lentə alınmış bədii filmlərin nümayişi, xarici ölkələrdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərində müxtəlif tədbirlərin təşkili nəzərdə tutulur.