Sentyabrın 13-dən 15-dək Türkiyədə III Beynəlxalq Antalya Yörük Türkmən Festivalı keçiriləcək. Türkiyədəki səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) də festivalda iştirak edəcək.
Mərkəzdən verilən məlumatda bildirilir ki, əsrlər boyu Anadolunun zəngin mədəni həyatını formalaşdıran yörüklər, yəni, köçəri həyat tərzi sürən xalqlar Türk mədəniyyətinin mühüm bir hissəsini təşkil edib. Antalya da bu qədim mədəniyyətin nümunələrinin yaşadıldığı şəhərlərdən biridir.
Festivalın əsas məqsədi yörük mədəniyyətini gələcək nəsillərə əhatəli şəkildə çatdırmaqdır. Festival Antalyanın bənzərsiz təbii gözəllikləri ilə əhatə olunmuş Döşemealtı Düzlerçamı Karaman piknik sahəsində təşkil olunacaq.
Tədbirdə Türk dünyasının müxtəlif guşələrindən yerli musiqi və rəqs proqramları təqdim olunacaq. Burada qurulan milli çadırlarda türkdilli xalqlar öz mədəniyyətləri və sənətlərini nümayiş etdirəcəklər. Həmçinin unudulmaqda olan əl işləri ustalarının əsərləri sərgilənəcək, ənənəvi Türk mətbəxinin nümunələri qonaqlara təqdim ediləcək, idman yarışları keçiriləcək.
Tədbirdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyəti ilə yanaşı, Bosniya və Herseqovina, Serbiya, Şimali Makedoniya, Bolqarıstan, Əfqanıstan, Suriya, İran, İraq və digər ölkələr də təmsil olunacaq.
Azərbaycan çadırında ölkəmizin milli mədəniyyəti, incəsənəti, əl işləri geniş şəkildə sərgilənəcək, qonaqlara milli şirniyyatlarımız təqdim olunacaq. Festival çərçivəsində təşkil olunacaq bədii hissədə Azərbaycan musiqiləri və rəqsləri ifa ediləcək. Konsertdə Xalq artisti Azərin, AMM-in solisti Vüsalə Əsgərova, tar ifaçısı Pərviz Musayev, mərkəzin nəzdindəki “Xəzər” rəqs ansamblı çıxış edəcəklər.