Sentyabrın 10-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında filologiya üzrə elmlər doktoru Esmira Fuadın “Güney Azərbaycan etnokulturoloji dəyərlər diskursunda” adlı kitabının təqdimatı olub.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant layihəsi çərçivəsində nəşr olunan kitabda qədim Oğuz-türk yurdunun bölünməsinə gətirib çıxaran tarixi gerçəklikləri özündə əks etdirən “Kürəkçay”, “Gülüstan” və “Türkmənçay” sülh müqavilələri yer alıb. Güney Azərbaycanın tarixi abidələri vərəqlənir, adət-ənənələr, bayramların tarixi, bu günü, xalq həyatına nüfuz etməsi məsələləri ədəbi müstəviyə gətirilir.
Kitabda Güney Azərbaycan mətbəxinin özəllikləri də açıqlanır. Folklorunun, şifahi xalq ədəbiyyatının bir çox janrları örnəklərə söykənərək təhlil olunur, Təbriz folklor nümunələrinə Sürəyya xan Şapşalın baxış bucağından nəzər salınır. Güneydə nəsr, tərcümə ədəbiyyatı və yayım məsələlərinə də nəzər salınır.