Beynəlxalq layihə ilə bağlı Arxeologiya və Antropologiya İnstitutunda təqdimat

 

Avropa Elmi-Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin iştirakçıları AMEA Arxeologiya və Antropologiya İnstitutunda apardıqları elmi-tədqiqatların nəticələri barədə təqdimat keçiriblər.

İnstitutdan bildirilib ki, İtaliyanın Bolonya Universitetinin Mədəni irs departamentinin professoru, Osteoarxeologiya və paleoantropologiya laboratoriyasının müdiri (BONES Laboratoriyası) Stefano Benazzi təqdimatında qədim insanların öyrənilməsində paleopromeotik, diş histomorfometrik, həmçinin rəqəmsal morfometrik və biomexanik üsulların istifadəsinin nəticələri barədə məlumat verib.

Kanadanın Simon Fraser Universiteti Geoarxeologiya laboratoriyasının müdiri professor Françesko Bernanın mühazirəsi arxeoloji ərazilərin formalaşma proseslərinin öyrənilməsi və onların stratiqrafiyasının mikroskopik miqyasda dəqiq səciyyələndirilməsində istifadə olunan üsullara həsr edilib.

Hayfa Universitetinin (İsrail) Arxeologiya və Dəniz Mədəniyyətləri Məktəbinin Paleolaboratoriyasının rəhbəri professor Omry Barzilai qədim insanların daş alətlərinin istehsal texnologiyalarının tədqiqat üsulları və bu sahədə əldə edilmiş nailiyyətlərdən danışıb.

Beynəlxalq layihənin Azərbaycan üzrə koordinatoru, AMEA Arxeologiya və Antropologiya İnstitutunun Trasoloji və eksperimental arxeologiya laboratoriyasının müdiri Əjdər Babazadə bildirib ki, layihədə 11 ölkə iştirak edir. 2024–2030-cu illər ərzində aparılması nəzərdə tutulan layihənin əsas məqsədi neandertalların yoxolma səbəblərinin araşdırılmasıdır. Araşdırmalar üç istiqamətdə – arxeoloji, mikro-arxeoloji və arxeometrik analizlər, paleoekosistem üzrə aparılacaq. Layihə çərçivəsində Azərbaycanda da qədim insan məskənlərinin müəyyənləşdirilməsi, toplanmış arxeoloji materialın analizi məqsədilə respublikamızda arxeometrik laboratoriyaların təşkili nəzərdə tutulub.

AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev qonaqlarla görüşüb. Yaxın gələcəkdə bu layihə çərçivəsində Azərbaycanda beynəlxalq tərkibli ekspedisiyanın təşkili, azərbaycanlı gənc alimlərin xarici elmi mərkəzlərdə ixtisaslaşması üzrə institut ilə İtaliyanın, Kanadanın və İsrailin elmi-tədqiqat mərkəzləri arasında əməkdaşlıq məramnamələrinin hazırlanmasına dair fikir mübadiləsi aparılıb.