Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında tanınmış vokalçı, aktyor, uzun illər Musiqili Komediya Teatrının (indiki Akademik Musiqili Teatr) aparıcı səhnə ustası olmuş Xalq artisti Mobil Əhmədovun (1931–2006) anadan olmasının 93-cü ildönümü ilə bağlı konsert keçirilib.

“Gəncə və gəncəlilər” layihəsi çərçivəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə bir təşkil olunan konsertdə sənətkarın qızı Nigar Əhmədova atası ilə bağlı xatirələrini bölüşüb.

Xalq artistləri Heydər Anatollu, Sevinc İbrahimova, Əməkdar artistlər – Mobil Əhmədovun tələbəsi Ramil Qasımov, Kəmalə Tağızadə, Almaz Ələsgərova, həmçinin solistlər Səttar Nəsirov, Rüstəm Cəfərov, Elmir Pişnamazzadə, Məhərrəm Qasımov, Vasif Bayramov və Şaban Cəfərov sənətkarın repertuarından əsərlər ifa ediblər.

Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Əsgərin mahnısı, Tofiq Quliyevin “Sevgilim”, “Badamlı”, Rauf Hacıyevin “Ay qız”, Oqtay Kazıminin “Ey xəyal” əsərləri səsləndirilib. Bütün ifalar alqışlarla qarşılanıb.