Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ötən il keçirilən Uşaq İncəsənət Festivalında (UİF) nailiyyət əldə edən istedadlarımızı tanıtmağa davam edirik. “Uğur sorağında” rubrikasının növbəti qonağı 14 yaşlı xanəndə Məhəmməd Əlizadədir.
Məhəmməd Sərxan oğlu Əlizadə 2010-cu ildə Bərdə rayonunda anadan olub. Bərdə rayon Adil Süleymanov adına Şorәlli kәnd tam orta məktəbində təhsil alıb. Paralel olaraq Bərdə şəhər 4 nömrəli Uşaq incəsənət məktəbində oxuyub.
Məhəmməd kiçik yaşlarından musiqiyə həvəs göstərib, evdə özü üçün musiqilər ifa edib. Onda bu istedad, həvəs təsadüfi yaranmamışdı. Çünki ailələrində musiqiçilər vardı: “Bir gün evdə öz-özümə mahnı zümzümə edirdim. Müəllimə işləyən nənəm ifamı telefonla çəkib iş yoldaşlarına göstərdi. Bundan sonra Gəncə şəhərindəki yerli televiziya kanalı mənimlə maraqlandı. Həmin kanalın “Gəncədə istedadlı uşaqlar axtarışında” adlı verilişinə dəvət olundum. Verilişdə ifa etdim və maraqla qarşılandı”.
Məhəmməd musiqi məktəbində keçirilən bütün tədbirlərdə çıxışlar edib, dəfələrlə mükafatlandırılıb. 2022-ci ildə keçirilən “Avaz – 3” televiziya uşaq muğam müsabiqəsində uğurla iştirak edərək Qran-pri mükafatını qazanıb. Həmin il Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə gerçəkləşən VIII “Muğam” Televiziya Müsabiqəsinə qatılaraq diplomant adına layiq görülüb.
Məhəmmədin ən böyük uğurlarından biri, ötən il ölkəmizdə keçirilən Uşaq İncəsənət Festivalındakı nailiyyətidir: “Festival mənim üçün çox yaddaqalan oldu. Çoxsaylı iştirakçı arasından seçilərək xanəndəlik üzrə 10-13 yaş qrupunda II yeri qazandım. Belə bir böyük festivalda ikinci olmaq mənim üçün böyük nailiyyət idi”.
Məhəmmədin arzusu sevdiyi sənəti davam etdirmək, bu sahədə öz sözünü deyən bir xanəndə olmaqdır. Bunun üçün öz üzərində davamlı çalışır.
Yeniyetmə xanəndənin müəllimi olmuş Natəvan İbrahimli 1993-cü ildən Bərdə şəhər 4 nömrəli Uşaq incəsənət məktəbində fəaliyyət göstərir. O, eyni zamanda Ağdam Musiqi Kollecində də xanəndəlik sənətinin sirlərini uşaqlara öyrədir: “Məhəmməd mənim ən istedadlı şagirdlərimdən biri olub. İncəsənət məktəbinə daxil olduğu ilk vaxtlardan həm səs tembrinə, həm də bu sahəyə məsuliyyətlə yanaşmasına görə digər şagirdlərdən fərqlənirdi. Verilən tapşırığı, mövzuları çox yaxşı mənimsəmək qabiliyyəti var”.
Anası Gülmirə Tağıyeva 20 ilə yaxındır Bərdə rayon Divanlı kənd Uşaq musiqi məktəbində fortepiano ixtisası üzrə müəllimə işləyir. Gülmirə xanım Məhəmməd kimi istedadlı və ağıllı övlada sahib olduğu üçün qürur duyduğunu deyir: “Məhəmmədin yaşı az olmağına baxmayaraq, milli sərvətimiz olan muğamımızı sevə-sevə oxuyur. Mənim bir ana kimi Məhəmmədə olan arzularım, diləklərim tükənməzdir. Onu gələcəyin ustad xanəndəsi, eləcə də savadlı pedaqoq kimi görmək istəyirəm. Elə özünün də arzusu ustad xanəndə olmaqdır”.
Biz də Məhəmmədə sevdiyi sənət yolunda uğurlar diləyirik.
Nurəddin