Kahramanmaraşda Heydər Əliyev adına məktəbin açılışı
Məlum olduğu kimi, 2023-cü ilin fevralında dağıdıcı zəlzələlərdən zərər çəkmiş Türkiyənin Kahramanmaraş şəhərində Azərbaycan dövlətinin maliyyə yardımı ilə yaşayış massivi inşa edilib.
Sentyabrın 11-də burada Heydər Əliyev adına ibtidai məktəbin rəsmi açılış mərasimi olub.
Tikintisi davam edən “Azərbaycan” məhəlləsində yerləşən təhsil müəssisəsinin açılışında Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin milli təhsil naziri Yusuf Tekin iştirak ediblər.
Şagirdlər qonaqları Azərbaycan-Türkiyə qardaşlığını tərənnüm edən şeir və milli rəqslə salamlayıblar.
Tədbirdə çıxış edən Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycan ilə Türkiyənin qardaşlığı öz əksini konkret layihələrdə və proqramlarda tapır: “Ümidvaram ki, bu məktəb tezliklə Azərbaycanın məktəblərindən biri ilə qardaşlaşacaq, türkiyəli və azərbaycanlı şagirdlər və pedaqoqlar isə qarşılıqlı səfərlər edəcəklər”.
Emin Əmrullayev iki qardaş ölkə arasında təhsil sahəsində əməkdaşlıq tarixində daha bir mühüm hadisəyə – Bakıda Azərbaycan-Türkiyə Universitetinin açılmasına diqqət çəkib. Xatırladıb ki, Bakıda bu təhsil layihəsi Türkiyənin üç universiteti və Azərbaycan universitetlərindən birinin birgə əməkdaşlığı ilə həyata keçirilib. O, həmçinin Xankəndidə Qarabağ Universitetinin yaradılmasını qeyd edərək deyib: “Əminəm ki, Qarabağ Universiteti bütün Türk dünyasının daha bir təhsil mərkəzinə çevriləcək”.
Şagirdləri yeni tədris ili münasibətilə təbrik edən nazir bildirib ki, gənc nəslin vətənpərvərlik və Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq ruhunda tərbiyə olunması üçün bütün səylər səfərbər edilməlidir.
Qeyd edək ki, təbii fəlakət zonasında məktəbin tikintisi Azərbaycan hökumətinin ayırdığı vəsait hesabına Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) xətti ilə həyata keçirilib.
Türkiyənin milli təhsil naziri Yusuf Tekin çıxışında Azərbaycan dövlətinə, qardaş ölkənin hər bir sakininə minnətdarlığını ifadə edərək təbii fəlakət zonasındakı bütün təhsil müəssisələrinin tezliklə işini tam şəkildə bərpa edəcəyinə əminliyini bildirib.
Mərasimdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və Kahramanmaraş vilayətinin rəhbər şəxsləri də çıxış ediblər.
Sonra nazirlər uşaqlarla birlikdə Heydər Əliyev adına ibtidai məktəbin rəmzi açılışını bildirən lenti kəsib. Ümummilli lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün abidəsi önünə gül dəstələri qoyulub.
Məktəb binasına baxış keçirilib, xatirə şəkli çəkdirilib.
Təhsil ocağının üçmərtəbəli binasında 24 sinif otağı var. Məktəbdə ibtidai siniflərdə dərslərlə yanaşı, hazırlıq şöbəsində məşğələlər üçün otaqlar da ayrılıb. Məktəb tədris prosesi üçün lazım olan bütün avadanlıqla təchiz edilib, idman zalı, kitabxana yeməkxana, basketbol, həmçinin, balacalar üçün oyun meydançaları yaradılıb.
Qeyd edək ki, Kahramanmaraşda sosial və yaşayış obyektlərinin tikinti layihəsi çərçivəsində Azərbaycan Hökumətinin təmsilçisi qismində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) çıxış edir. Buradakı “Azərbaycan” yaşayış massivinin ümumi sahəsi 32 hektardır. Yaşayış massivinin 11-ci və 12-ci məhəllələrində inşaat prosesi başa çatdırılıb, 7-ci və 8-ci məhəllələrin yerində yaşayış binalarının tikintisi davam etdirilir.
Bütövlükdə layihə çərçivəsində 2, 3 və 4 otaqlı 1300-dən çox mənzildən ibarət 71 evin tikintisi nəzərdə tutulub.