Sentyabrın 17-dən 19-dək Başqırdıstanın Ufa şəhərində (RF) MDB-nin iştirakçısı olan dövlətlərin yaradıcı və elmi ziyalılarının XVII Forumu keçiriləcək.

Forum çərçivəsində “MDB xalqlarının mədəni irsi” adlı sərgi təqdim ediləcək.

MDB İcraiyyə Komitəsinin saytında yer alan xəbərə görə, sərgidə kitabxana fondlarından MDB xalqlarının tarixi və mədəniyyətinə həsr olunmuş ən yaxşı və məzmunlu kitablar təqdim olunacaq.

Onların arasında XX əsrin əvvəllərində Azərbaycanda nəşr olunmuş nadir kitablar da var. Sərgi ziyarətçiləri “Koblandı-Batır” qazax xalq qəhrəmanlıq dastanı, “Sayatla Həmra” türkmən məhəbbət dastanı, “Manas” qırğız xalq dastanı, eləcə də, rus, başqırd və tatar dillərində nəşr edilmiş qazax, qırğız, özbək, tacik müəlliflərinin kitabları ilə də tanış ola biləcəklər. Sərgidə folklor, yaradıcılıq və milli geyimlərə həsr olunmuş kitablar da nümayiş olunacaq.

Tədbirin məqsədi ümumi mədəni səriştənin formalaşdırılması, MDB ölkələri xalqlarının ədəbiyyat dünyasına yiyələnmə, mütaliə mədəniyyətinin və xalqlar dostluğunun təbliğidir.

MDB-nin iştirakçısı olan ölkələrin yaradıcı və elmi ziyalıları Forumunun təşkilatçıları Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və Başqırdıstan Respublikası Hökumətidir.