Bu ilin 11–22 noyabr tarixlərində Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası – COP29 ilə bağlı daha bir kampaniyaya start verilib.
Bu barədə BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai məlumat verib.
“Fərqlilik yaradanlar” adlı qlobal kampaniya iqlim dəyişmələrinə qarşı mübarizə sahəsində yenilikçi ideyaları olan müxtəlif regionalardan fərdlərin və novatorların həyata keçirdiyi layihələri və fəaliyyətləri işıqlandırmaq məqsədi daşıyır.
Kampaniya çərçivəsində sosial sahibkarların, icma nümayəndələrinin və startap ideyaları olan fərdlərin layihələri seçilərək müxtəlif platformalarda nümayiş etdiriləcək.
Kampaniyanın məqsədi hər bir fərdin ətraf mühitə müsbət təsir edəcək fəaliyyət göstərmək iqtidarında olduğunu göstərmək, hər kəsi iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulmağa çağırmaq və ruhlandırmaqdır.
Seçiləcək layihələr həm onlayn platformalarda, həm də Azərbaycanda keçiriləcək COP29 zamanı “Fərqlilik yaradanlar” sərgisi çərçivəsində təqdim olunacaq.
Kampaniyanın əhatəli, inklüziv və əlçatan olmasını təmin etmək üçün linkedİn, instaqram, tiktok və “X” sosial şəbəkələrindən istifadə olunacaq. “Arzu edən hər kəs öz icmasında, şəhərində və ya şirkətində iqlim həlləri üzrə həyata keçirdikləri təşəbbüslərin “əvvəl və sonrakı” mərhələlərini əks etdirən fotoşəkilləri və ya videoları #COP29ImpactMakers həştəqi ilə bölüşərək layihələrini necə başladıqlarını və hazırda necə davam etdiklərini paylaşa bilər”, – deyə Nigar Arpadarai bildirib.
Sentyabrın 23-də Nyu-York şəhərində BMT İqlim Həftəsi çərçivəsində “Fərqlilik yaradanlar” kampaniyası ilə bağlı təqdimat olacaq.