Sentyabrın 12-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli kərküklü alimlərlə görüşüb.

Kərkükün və türkmanların Azərbaycan üçün böyük mənəvi önəm kəsb etdiyini deyən akademik AMEA-da Azərbaycan-Kərkük ədəbi əlaqələri istiqamətində, türkman ədəbiyyatının, folklorunun və s. öyrənilməsinə dair tədqiqatların aparıldığını diqqətə çatdırıb.

İlk dəfə 1994-cü ildə Məhəmməd Füzulinin 500 illiyi münasibətilə Azərbaycan nümayəndə heyətinin tərkibində Kərkükə səfər etdiyini deyən İsa Həbibbəyli bildirib ki,  qarşılıqlı əlaqələrin qurulması və inkişafında görkəmli kərkük ədəbiyyatşünası Əta Tərzibaşının və azərbaycanlı professor Qəzənfər Paşayevin xüsusi xidmətləri var. Bu il AMEA-da Əta Tərzibaşının 100 illik yubileyinə həsr edilmiş beynəlxalq elmi konfrans keçirilib və kərküklü tədqiqatçı-yazıçı Şəmsəddin Kuzəçinin təşkilatçılığı ilə Kərkükdən tanınmış alim və tədqiqatçılar həmin tədbirdə iştirak ediblər. Konfrans iştirakçıları vasitəsilə Kərkükə Azərbaycanın dili, tarixi, ədəbiyyatı, folkloru, mədəniyyəti ilə bağlı kitablar göndərilib.

AMEA rəhbəri, həmçinin Azərbaycan alimlərinin oktyabr ayında İraqda Məhəmməd Füzulinin 530 illik yubileyi münasibətilə beynəlxalq konfransda iştirak edəcəklərini və  səfər zamanı növbəti kitabların Kərkük Universitetinə hədiyyə ediləcəyini söyləyib.

Kərkük Universitetinin əməkdaşı, Türkməneli Alimlər Dərnəyinin sədri Nebil Şahin Məhəmməd AMEA-da olmaqdan məmnunluğunu ifadə edib. Alim 17 ildir Kərkük Universitetində çalışdığını, Türkiyədə magistratura, Şotlandiyada isə doktorantura təhsili aldığını diqqətə çatdırıb. O, rəhbərlik etdiyi təşkilata Azərbaycanın İraqdakı səfirliyi tərəfindən daim onların fəaliyyətinə dəstək göstərildiyini söyləyib.

Kərküklü alimin doktorantura təhsili, birgə konfransların təşkili, qarşılıqlı məqalələrin çapı, alimlərin əsərlərinə istinad edilməsi kimi təklifləri razılıqla qarşılanıb.

Kərküklü tədqiqatçı Əli Hüseyn Bayatlı və Mosul Şimali Texniki Universitetinin nəzdində Kərkük Texniki İnstitutunun əməkdaşı Savaş Hürmüzlü də elmi fəaliyyətləri barədə məlumat veriblər.