Sentyabrın 11-də “Qızıl minbər” XX Kazan Beynəlxalq Kino Festivalı başa çatıb. Qaliaskar Kamal adına Tatarıstan Dram Teatrında keçirilən bağlanış mərasimində qaliblərin adları açıqlanıb.
“Ən yaxşı tammetrajlı film” üçün Qran-pri rejissor Aleksey Romanovun çəkdiyi “Əbədi qar əfsanəsi” (Rusiya, Saxa Respublikası) filminə verilib.
Salavat Yuzeyevin “Sevgililər dağı” filmi (Tatarıstan, RF) iki nominasiyada – “Tammetrajlı bədii filmdə ən yaxşı rejissor işi” və “Tammetrajlı bədii filmin ssenarisinə görə” nominasiyalarında qalib gəlib.
Münsiflər heyəti Sepida Ərmanı (“Ceyranlar”, İran) “Tammetrajlı filmin ən yaxşı aktrisası”, Ulmas Oravyevi (“Təkamül”, Özbəkistan) isə “Bədii filmdə ən yaxşı aktyor” olaraq fərqləndirib.
“Ən yaxşı animasiya filmi” nominasiyasında rejissor Ramek Amin Kazeminin “Kağız güllər” (İran) filmi qalib elan edilib.
“Şərəf” filmi (rejissor Rafael Mukayev, Qaraçay-Çərkəz Respublikası, RF) isə “Ən yaxşı qısametrajlı bədii film” nominasiyasında birinci olub.
Seneqallı rejissor Musa Turenin “20 ildən sonra” lenti “Ən yaxşı sənədli film” seçilib.
Rejissor Gülnaz Qalimullinanın “Monisto” filmi “Milli müsabiqənin ən yaxşı filmi” olub.
Tatarıstan rəhbərinin kino sənətində humanizmə görə xüsusi mükafatı və 500 min rubl (təxminən 9300 manat) “Lal ququ quşu” filminə görə yerli rejissor Rauf Kubayevə (Tatarıstan) verilib.
Qeyd edək ki, 6-11 sentyabr tarixlərində keçirilən XX Kazan Beynəlxalq Kino Festivalında ümumilikdə 141 film nümayiş olunub ki, onlardan 51 lent müsabiqə proqramında (40-ı beynəlxalq, 11-i milli müsabiqə) yarışıb. Münsiflər heyətinə Türkiyədən “Diriliş: Ərtoğrul” və “Quruluş: Osman” seriallarının quruluşçu rejissoru Mətin Gürey başçılıq edib.
Gülcahan