Azərbaycan Dövlət Akademik Musiqili Teatrının “Aysedora” monotamaşası (rus dilində) Belarus Respublikasının Brest şəhərində keçirilən 28-ci “Belaya Veja” Beynəlxalq Teatr Festivalında uğurla nümayiş olunub.

Belarus, Danimarka, Qazaxıstan, Rusiya, Tacikistan, Özbəkistan və digər ölkələrin təmsil olunduğu festivalda Musiqili Teatrın aktrisası Olqa Georgiyevanın oynadığı tamaşa alqışlarla qarşılanıb.

Rus yazıçı-dramaturqu Zinovi Saqalovun “Aysedoranın üç həyatı” pyesi əsasında hazırlanan tamaşa ötən mövsüm teatrın repertuarına daxil edilib. Məşhur amerikalı rəqqasə Aysedora Dunkan (1877–1927) haqqında tamaşanın quruluş müəllifi və bədii redaktoru teatrın baş rejissoru Cavid İmamverdiyevdir.

“Aysedora” festivalın təşkilatçıları tərəfindən laureat diplomuna layiq görülüb. Mükafat tamaşanın quruluşçu rejissoruna təqdim olunub.

Səhnə əsərinin bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, musiqi rəhbəri Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, musiqi redaktoru Nigar Süleymanovadır.

Qeyd edək ki, ötən il Akademik Musiqili Teatr bu festivalda F.Dostoyevskinin “Utancaq qız” əsərinin monotamaşası (rejissor Cənnət Səlimova, ifaçı Şövqi Hüseynov) ilə uğurla təmsil olunmuşdu.